Azərbaycanda xaricdə təhsil almaq istəyən abituriyentlərin sayı hər il artmaqda davam edir. Tələbələr əsasən Avropa ölkələrinə -Türkiyə, ABŞ, Böyük Britaniya, Macarıstan, Polşa və Litvaya kimi ölkələrə üz tuturlar. Lakin hazırda ən ciddi problemlərdən biri xaricdə təhsil alanların diplomlarının Azərbaycanda tanınmaması ilə bağlıdır.
AzEdu.az xəbər verir ki, xaricdə təhsil şirkətinin nümayəndəsi Leyla Hacıyeva İTV-yə açıqlamasında bu sahədə müəyyən boşluqların olduğunu bildirib:
“Bəzi şirkətlər var ki, artıq bir çoxlarımız onları tanıyırıq, abituriyentləri yarı yolda qoyurlar. Ola bilər ki, xaricdə hansısa universitetə qəbul olunurlar, amma gələcəkdə həmin diplomların tanınmama ehtimalı yüksək olur. Buna görə tələbələrə tövsiyə edirik ki, universitet seçimi zamanı şirkətin təklif etdiyi təhsil müəssisələrini Elm və Təhsil Nazirliyinin sistemində özləri yoxlasınlar”.
Təhsil eksperti Adil Vəliyev isə əlavə edib ki, bəzi abituriyentlər Azərbaycanda universitetlərə qəbul olmadıqda attestatla xaricdəki universitetlərə üz tuturlar. Onun sözlərinə görə, bu universitetlərə qəbul asan olsa da, təhsil prosesi daha çətin olur:
“Bəzən gənclər xaricdə qəbulun asanlığını görüb gedirlər, amma təhsil almaq o qədər də asan olmur. Nəticədə bir çoxu təhsili yarımçıq qoyaraq geri dönüb Azərbaycanda təhsil almağa üstünlük verirlər”.
Mütəxəssislər valideynləri və tələbələri diqqətli olmağa, xaricdə təhsil xidməti göstərən şirkətləri və təklif olunan universitetləri rəsmi mənbələrdən yoxlamağa çağırırlar.