Azedu.az

Təhsil sisteminə zərbə: Gənclərin qlobal təhsil şansı məhdudlaşır 

Xaricdə Təhsil

18 İyun 2025, 10:31
Təhsil sisteminə zərbə: Gənclərin qlobal təhsil şansı məhdudlaşır 

Qloballaşan dünyada müxtəlif ölkələr arasında mədəni, elmi və təhsil əlaqələrinin inkişafı böyük əhəmiyyət daşıyır. Bu əlaqələrin möhkəmlənməsində mübadilə proqramlarının rolu danılmazdır. Mübadilə proqramları tələbələrə, müəllimlərə, tədqiqatçılara və digər mütəxəssislərə qısa və ya uzunmüddətli xarici təcrübə imkanı yaradır.

 

Onlar yalnız bilik və bacarıqların artırılmasına deyil, eyni zamanda mədəni anlaşma və dostluğun formalaşmasına xidmət edir. Mübadilə proqramlarının əsas məqsədi fərdlərin beynəlxalq təcrübə qazanmasına, yeni biliklər əldə etməsinə və fərqli mədəniyyətləri yaxından tanımasına imkan yaratmaqdır. Mübadilə proqramları təhsil müəssisələri arasında əməkdaşlıq əsasında tələbələrin müəyyən müddət ərzində xarici ölkədə təhsil almalarına şərait yaradır.

 

Bu yolla da tələbələrin akademik dünyagörüşü artır, fərqli bir ölkədə yeni tədris metodları ilə tanış olur, elmi araşdırmalarda iştirak edir və akademik çevrəsini genişləndirir. Bundan əlavə, bu təcrübə onların gələcək karyeraları üçün mühüm bir üstünlük təşkil edir. İşəgötürənlər beynəlxalq təcrübəyə malik namizədlərə üstünlük verirlər, çünki belə şəxslər adətən daha çevik, müstəqil və sosial bacarıqlara malik olurlar.

 

Mübadilə proqramı çərçivəsində xaricə gedən tələbə müstəqil yaşam tərzi qurmaq məcburiyyətində qalır, bu isə onun məsuliyyət, adaptasiya və ünsiyyət bacarıqlarını gücləndirir. Yeni mühitə uyğunlaşmaq, fərqli mədəniyyətlərlə tanış olmaq tələbələrdə empati, dözümlülük və qlobal düşüncə tərzini inkişaf etdirir. Bu proses eyni zamanda tələbənin özgüvənini artırır və onu daha təşəbbüskar edir.

 

Mübadilə proqramları mədəniyyətlərarası dialoqu təşviq edir. Tələbələr ev sahibi ölkənin adət-ənənələri, gündəlik həyatı və dəyərləri ilə tanış olur, eyni zamanda öz milli mədəniyyətlərini də təmsil edirlər. Bu qarşılıqlı tanışlıq stereotipləri azaldır, mədəni tolerantlığı artırır və müxtəliflik içində birliyə töhfə verir.

 

Bir sözlə mübadilə proqramları gənclərin həm fərdi inkişaf, həm akademik bilik, həm də mədəni zənginlik baxımından olduqca dəyərlidir.

 

Erasmus+ mübadilə proqramı vasitəsilə təhsil almış Aytən Musayeva deyir ki, bu proqram onun həyatını dəyişib, dünyagörüşünü genişləndirib və gələcək planlarıma yeni istiqamət verib: “Mübadilə proqramına qatılmaq qərarı ilk baxışdan çətin görünürdü. Fərqli bir ölkə, fərqli bir dil və yeni mühit. Amma bu çətinliklər əslində mənim üçün fürsətə çevrildi. Xarici universitetdə dərslər yalnız akademik biliklərlə deyil, praktiki yanaşmalarla da zəngin idi. Müəllimlər tələbələrlə interaktiv şəkildə işləyirdi, hər bir fikirə dəyər verilirdi. Bu da məni daha çox araşdırmağa, sərbəst düşünməyə təşviq etdi. Ən maraqlı hissələrdən biri də müxtəlif ölkələrdən olan gənclərlə tanışlıq idi. Biz dərslərdən sonra birgə layihələr edirdik, mədəniyyət gecələri təşkil edirdik və bir-birimizi daha yaxından tanıyırdıq. Belə anlarda gördüm ki, fərqli dillərdə danışsaq da, arzularımız, məqsədlərimiz çox bənzərdir. Dil bacarıqlarım xeyli yaxşılaşdı. İngilis dilində sərbəst danışmağa başladım və əlavə olaraq bir az da polyak dili öyrəndim. Özümə inamım artdı, qərar verməkdə və məsuliyyət götürməkdə daha cəsarətli oldum. Bu proqram mənə yalnız bilik deyil, həm də müstəqil yaşamaq, adaptasiya olmaq, mədəniyyətlərarası dialoqun dəyərini anlamaq kimi həyati bacarıqlar qazandırdı. Hər bir gəncə belə proqramlarda iştirak etməyi tövsiyə edirəm. Çünki bu, sadəcə xaricdə təhsil almaq deyil - bu, özünü tanımaq, dünyaya açılmaq və həyatda fərq yaratmaq yolunda atılan böyük bir addımdır”.

 

Fulbright mübadilə proqramı çərçivəsində ABŞ-da magistratura səviyyəsində təhsil almış Sənan Səfərli qeyd edib ki, bu proqram onun həyatında dönüş nöqtəsi olub: “Amerikaya ilk gəldiyim gün hiss etdiyim duyğular qarışıq idi. Həm həyəcan, həm qorxu, həm də böyük bir maraq. Lakin zaman keçdikcə başa düşdüm ki, bu mühit məni daha açıq fikirli, daha güclü və daha inamlı biri kimi formalaşdırır. Universitetdəki dərslər interaktiv və müasir yanaşma ilə keçirilirdi. Tələbələrin fikrinə hörmət göstərilməsi, sərbəst düşüncə və təşəbbüslərin dəstəklənməsi məni çox təsirləndirdi. Mən təkcə akademik bilik deyil, həm də tənqidi düşünmə, liderlik və qrup şəklində işləmək bacarıqları qazandım. Ən maraqlı tərəflərdən biri müxtəlif ölkələrdən olan tələbələrlə tanışlıq idi. Biz bir-birimizin mədəniyyətlərini öyrənir, fikir mübadiləsi aparır və ortaq layihələr həyata keçirirdik. Bu da mədəniyyətlərarası anlayışımı və dünyagörüşümü genişləndirdi. Amerikada yaşamaq mənim üçün həm də şəxsi sınaq idi - məsuliyyətli olmaq, vaxtı düzgün idarə etmək, fərqli bir cəmiyyətdə öz yerini tapmaq. Hər çətinlik mənim üçün bir təcrübə oldu və mən bu yolda özümü daha yaxşı tanıdım. Fulbright proqramı mənə yalnız diplom yox, həm də beynəlxalq əlaqələr, dostluqlar və ömürlük xatirələr qazandırdı. Bu təcrübə nəticəsində öz ölkəmə daha dolğun şəkildə qayıtdım və indi məqsədim burada öyrəndiklərimi tətbiq edərək cəmiyyətimizə fayda verməkdir”.

 

Ölkədə mübadilə proqramlarına qatılan gənclərin sayı ildən-ilə artır. Çünki bu proqramlar həm dövlət, həm də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və gənclərə xaricdə təhsil, təcrübə və mədəniyyətlərarası öyrənmə imkanları yaradır.

 

Ən məşhur beynəlxalq mübadilə proqramları sırasına Erasmus+, Mevlana, DAAD (Almaniya), Fulbright (ABŞ) və digər regional təşəbbüslər daxildir.

 

Amma təssüf ki, bir müddət əvvəl Avropa İttifaqının təhsilə dəstək kimi tanınan “Erasmus+” proqramının Azərbaycanda həyata keçirilən bütün layihələri qeyri-rəsmi şəkildə dayandırılıb. Artıq yeni layihələr qeydiyyata alınmır, aktiv proqramların icrasına xitam verilir.

 

İlkin məlumata görə, bu qərar qrant layihələrin qeydiyyata alınmaması və proqramın icrasında yaranan çətinliklərlə əlaqədardır.

 

Azərbaycandakı Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırovun bildirdiyinə görə, artıq yeni layihələr qeydiyyata alınmır, aktiv proqramların icrasına isə xitam verilir: “İllər boyu “Erasmus+” çərçivəsində yüzlərlə layihə həyata keçirilib, minlərlə tələbə və müəllim Avropanın nüfuzlu universitetlərində təhsil alıb və təcrübə qazanıb. Ümumi büdcəsi 20 milyon manata yaxın olan beş layihənin icrasının dayandırılmasının Azərbaycanın ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi mənfi təsirləri olacaq. Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır və təəssüf ki, hələlik hər hansı konkret həll yolu görünmür. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat verilib və problemin həlli yolu axtarılır”.

 

Məlumat üçün bildirək ki, “Erasmus+” proqramı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və tələbə, müəllim mübadiləsi, elmi tədqiqatlar və universitetlərarası əməkdaşlığı təşviq edən bir təşəbbüsdür. Bu proqram vasitəsilə tələbələr Avropa universitetlərində təhsil almaq, yeni bacarıqlar qazanmaq və fərqli mədəniyyətlərlə tanış olmaq imkanı əldə edirlər. 2015-ci ildən etibarən Azərbaycanda da fəaliyyət göstərməyə başlayan bu proqramda ölkəmizdəki 32 ali təhsil müəssisəsi iştirak edirdi. Məlumata görə, indiyədək, yəni, son 10 ildə proqram çərçivəsində 5 mindən artıq tələbə və müəllim Avropanın bir sıra nüfuzlu universitetlərində təhsil alıb.

 

“Erasmus mübadilə”, “Erasmus mundus”, “Erasmus təcrübə” olmaqla proqramın 3 növü var. “Erasmus mübadilə” bakalavriat, magistratura və doktorantura təhsili almaq istəyən gənclər üçün nəzərdə tutulub. Proqram vastiləsi ilə tələbələrə müxtəlif ölkə və universitetlərə müraciət etməklə hər təhsil səviyyəsi üzrə bir və ya bəzən iki smestr təhsil almaq şansı verilirdi. “Erasmus mundus” magistratura və doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən tələbələr, akademik fəaliyyətlə məşğul olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. “Erasmus təcrübə” isə Avropanın müxtəlif ölkələrindəki nüfuzlu şirkətlərdə karyera inkişafı üçün təcrübə keçmək, prestijli universitelərində müxtəlif təlim və seminarlarda iştirak etmək imkanı yaradırdı. Təcrübə proqramları həm ödənişli, həm də ödənişsiz olur.

 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə əsasən, “Erasmus+” proqramının Azərbaycanda fəaliyyətinin dayandırılması təhsil sisteminə bir neçə istiqamətdə təsir göstərə bilər: “Bu proqramın əsas məqsədi tələbə və müəllimlər üçün Avropa universitetlərində təhsil və təcrübə imkanları yaratmaq, akademik mübadilə proqramları vasitəsilə beynəlxalq təcrübənin artırılması və universitetlərarası əməkdaşlığı gücləndirmək idi. Bu səbəbdən, onun ləğvi tələbələr, ali təhsil müəssisələri və akademik tədqiqatçılar üçün bir sıra çətinliklər yarada bilər. Son illərdə “Erasmus+” proqramı vasitəsilə yüzlərlə tələbə xaricdə təhsil almaq imkanı əldə edirdi. Hər il müxtəlif universitetlərdən tələbələr bu proqram çərçivəsində Avropa universitetlərində bir və ya iki semestrlik təhsil alır, həmçinin magistr və doktorantura səviyyələrində araşdırmalar aparmaq imkanı qazanırdılar. Proqramın maliyyə dəstəyi çərçivəsində tələbələr təhsil və yaşayış xərclərini qarşılayırdı. Bu bazımdan maddi imkanları məhdud olan gənclər üçün xaricdə təhsil daha əlçatan olurdu”.

 

Ekspert qeyd edib ki, “Erasmus+” təqaüdlərinin ləğvi xüsusilə imkansız tələbələr üçün ciddi çətinliklər yarada bilər: “Çünki bir çox gənc üçün bu proqram xaricdə təhsil almağın yeganə yolu idi. Bundan əlavə, “Erasmus+” universitetlərarası əməkdaşlığı təşviq edir, elmi tədqiqatları və beynəlxalq akademik mühitin gücləndirilməsinə töhfə verirdi. Müxtəlif universitetlər arasında bağlanan müqavilələr çərçivəsində müəllimlər və tədqiqatçılar Avropa universitetlərində çalışır, beynəlxalq konfranslarda iştirak edir və birgə layihələr həyata keçirirdilər. “Erasmus+” proqramının dayandırılması universitetlərin qlobal şəbəkələrə inteqrasiyasını çətinləşdirə və ali təhsil sisteminin beynəlxalq əlaqələrinin zəifləməsinə səbəb ola bilər. Azərbaycan universitetləri üçün bu, akademik mühitin qapalı hala gəlməsi və beynəlxalq təcrübədən daha az faydalanmaq deməkdir. Bu proqramın dayandırılması həmçinin ölkədə ali təhsilin keyfiyyətinə də mənfi təsir edə bilər. “Erasmus+” tələbələrə müxtəlif təhsil sistemlərini görmək, yeni metodologiyaları öyrənmək və Avropa universitetlərində tətbiq olunan müasir yanaşmalarla tanış olmaq imkanı verirdi. Bu isə həm tələbələrin, həm də müəllimlərin bacarıqlarını inkişaf etdirir və təhsil keyfiyyətinin yüksəldilməsinə kömək edirdi”.

 

K.Əsədova görə, “Erasmus+” proqramının dayandırılması alternativ təhsil imkanlarına olan tələbatı artıracaq: “Xaricdə təhsil almaq istəyən tələbələr üçün bir neçə alternativ proqram mövcuddur. Bunlardan biri Almaniya hökumətinin maliyyələşdirdiyi “DAAD” proqramıdır ki, bu proqram tələbələrə Almaniyada təhsil almaq və araşdırmalar aparmaq üçün təqaüdlər təqdim edir. ABŞ hökumətinin “Fulbright” proqramı da magistratura və doktorantura səviyyəsində təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar yaradır. Böyük Britaniya hökumətinin “Chevening” proqramı isə idarəçilik və liderlik sahəsində təhsil almaq istəyənlər üçün nəzərdə tutulub. Türkiyənin “Mevlana” Mübadilə Proqramı və digər ölkələrin ikitərəfli təhsil proqramları da müəyyən alternativlər yarada bilər. Bundan əlavə, bəzi universitetlər beynəlxalq təhsil proqramları çərçivəsində ikili diplom proqramları həyata keçirir. Bu proqramlar vasitəsilə tələbələr təhsillərinin müəyyən hissəsini xaricdə keçə bilər və məzun olduqdan sonra həm Azərbaycan, həm də xarici universitetin diplomunu əldə edirlər. Həmçinin, onlayn təhsil platformaları, məsələn, “Coursera” və “edX” kimi beynəlxalq layihələr, tələbələrə dünyanın ən yaxşı universitetlərində kurslar keçmək və sertifikatlar əldə etmək imkanı verir. Bu kimi alternativlər Erasmus+ proqramının yaratdığı boşluğu tam doldurmasa da, müəyyən imkanlar təqdim edir”.

 

Ekspert urğulayıb ki, proqramın dayandırılması tələbələr və universitetlər üçün çətinliklər yaratsa da, onun əvəz edilməsi üçün müəyyən addımlar atıla bilər: “İlk növbədə, hökumət səviyyəsində yeni beynəlxalq əməkdaşlıqların qurulması və digər ölkələrlə tələbə mübadiləsi proqramlarının genişləndirilməsi vacibdir. Eyni zamanda, yerli universitetlər daha çox ikili diplom proqramları təşkil etməli və tələbələrə beynəlxalq təcrübə qazandırmaq üçün alternativ yollar yaratmalıdır. Dövlət tərəfindən xaricdə təhsil üçün ayrılan təqaüd proqramları genişləndirilməli və daha çox tələbənin bu imkanlardan yararlanması təmin olunmalıdır. “Erasmus+” proqramının dayandırılması təhsil sisteminə mənfi təsir göstərsə də, bu vəziyyətdən çıxış yolları mövcuddur. Universitetlərin beynəlxalq əlaqələri gücləndirməsi, tələbələrin alternativ təqaüd proqramlarına yönləndirilməsi və hökumətin bu sahədə yeni təşəbbüslər irəli sürməsi ilə bu təsirləri minimuma endirmək mümkündür. Təhsil sektorunda çevik yanaşmalar tətbiq edildikdə və yeni alternativlər yaradıldıqda, tələbələr və akademik personal beynəlxalq təcrübə qazanmaya davam edə bilər. Bunun üçün isə həm dövlət, həm universitetlər, həm də tələbələr fəal şəkildə alternativ imkanlar üzərində işləməlidirlər”.

 

Müasir dünyada elm, təhsil və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq hər zamankindən daha vacibdir. Bu əməkdaşlığın əsas sütunlarından biri də mübadilə proqramlarıdır. Lakin son dövrlərdə bəzi hallarda maliyyə çatışmazlığı və ya siyasi səbəblərlə bu proqramların dayandırılması məsələsi gündəmə gəlir. Bu isə çox ciddi mənfi nəticələr doğura bilər. Mübadilə proqramlarını dayandırmaq, gələcək nəsillərin inkişafına əngəl yaratmaq deməkdir. Əksinə, bu proqramlar genişləndirilməli, daha çox gəncə bu imkanlar yaradılmalıdır. Çünki təhsilə və gənclərə sərf olunan hər bir dəstək, gələcəyimizə qoyulan ən dəyərli sərmayədir.

 

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, "Erasmus+" proqramına tətbiq olunan məhdudiyyət xoşagələn hal deyil. Vətəndaşların xarici ölkələrdə təhsil alması daha məqsədəuyğundur.  Onun sözlərinə görə, ölkəmizdə bir çox ali təhsil müəssisələri Erasmus+" proqramına qoşulub. Amma məhdudiyyətin tətbiqi, qəbulun aparılmaması həmin ali təhsil müəssisələri və tələbələrin xaricə çıxış imkanlarını məhdudlaşdıracaq: “Proqramın köməyi ilə tələbələr bir neçə ay və ya il başqa ölkədə təhsil alırdılar, hətta onların köçürülməsi də baş tuturdu. Bu qərarla təəssüf ki, bu imkanlar olmayacaq. Ancaq ehtimal olunur ki, "Erasmus+"un yerinə başqa proqram tətbiq oluna bilər. Bunlardan başqa dövlət təqaüd proqramları da var ki, bakalavr, magistratura, doktorantura istiqamətində xaricdə təhsil almaq istəyənlər müəyyən şərtlər əsasında bundan yararlana bilərlər".

 

Nərmin Qarazadə

Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!
Son xəbərlərDaha çox