Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2025–2026-cı tədris ili üzrə xarici ali təhsil müəssisələrinə qəbul prosesinin başladığını nəzərə alaraq, xaricdə oxumaq istəyən Azərbaycan vətəndaşlarına tövsiyələr verib.
AzEdu.az xəbər verir ki, bu barədə məlumat TKTA-nın “2025-ci ilin I rübü üzrə elektron bülleten”ində yer alıb. Tövsiyələr gələcəkdə əldə olunan kvalifikasiyaların tanınması zamanı hər hansı çətinliklə üzləşməmək məqsədi ilə verilib.
Agentlik bildirir ki, seçiləcək ixtisaslar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya uyğun olmalıdır. Eyni zamanda, təhsil müddətində tələbələr təhsil aldıqları ölkənin ərazisində olmalı və tədris müddətinin ən azı üçdə ikisini həmin ölkədə keçirməlidirlər.
Bundan başqa, kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin statusu və tədris proqramının akkreditasiyası da nəzərə alınmalıdır. Tələbələr yalnız ənənəvi təlim metodlarına əsaslanan formal təhsil almalı, xüsusilə tibb və səhiyyə sahələrində distant və ya qiyabi formada alınan təhsilin tanınmayacağı vurğulanır.
TKTA əlavə edir ki, “açıq öyrətim” (distant təhsil) formasında əldə olunmuş kvalifikasiyalar da ölkə daxilində tanınmır.
Agentlik tələbələri bu tələblərə ciddi şəkildə əməl etməyə və gələcəkdə mümkün problemlərin qarşısını almaq üçün tövsiyələrə diqqətlə yanaşmağa çağırır.