Son 5 ildə Azərbaycanda beynəlxalq tələbələrin təhsilalma dinamikası yüksələn istiqamətdə inkişaf etmişdir və bu artım 2024-cü ildə rekord səviyyəyə çatıb. Bununla bağlı ötən günlərdə statistika təqdim olundu.
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun sözlərinə görə, bununla bağlı təcrübə genişdir və bu mövzuda mövcud ənənə var:
“Bu ənənəyə biz nəzər saldıqda görürük ki, əcnəbi tələbələrin cəlbi üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Onlardan birincisi odur ki, müxtəlif ölkələrdəki təhsil şirkətləri ilə əməkdaşlıq edilir və komissiya vasitəsilə həmin təhsil şirkətləri tələbələri Azərbaycandakı ali məktəblərə göndərirlər.
Bunun müqavilində Azərbaycanda fəaliyyət göstərən universitetlərdə təhsil şirkətinə hər tələbə başına müəyyən ödəniş edir. İkinci əməkdaşlıq forması odur ki, dünyanın müxtəlif ölkələrində təhsil sərgilərinin həyata keçirilməsidir. Bu sərgilərdə Azərbaycan universitetlərinin təmsilçiləri də iştirak edə bilirlər”.
Həmsöhbətimiz qeyd edib ki, sosial media vasitəsilə universitetlər öz hədəf kütlələrini formalaşdırmaqla daha əlçatanlı ola bilərlər:
“Üçüncü alternativ variant isə sosial mediadan (instagram, facebook, tiktok və s.) istifadə etməkdir. Sosial mediada hədəf kütləsi olaraq abituriyent və tələbələr seçilə bilərlər. Məsələn, hər hansı bir paylaşımı Özbəkistanda etsək, bu paylaşım həmin ölkədə yaşayan vətəndaşların qarşısına daha tez çıxmış olur, nəinki başqa ölkədə. Ona görə də hesab edirəm ki, rəqəmsal marketinqin faydalarından yararlanmaq lazımdır.
Dördüncü əməkdaşlıq forması isə həmin ölkələrin orta məktəbləri ilə birgə əməkdaşlığın qurulmasıdır. Belə ki, əməkdaşlıq edilən həmin özəl məktəblərdə hər hansısa universitet təmsilçiləri təqdimatlar həyata keçirə bilər. Qeyd etdiyim məsələlər piar işləridir.
Bəs, bunu kim edəcək? Bu prosesləri həyata keçirmək üçün bütün universitetlərdə beynəlxalq piar şöbəsi olmalıdır. Ümumiyyətlə, tələbə qəbulu ofisinin olması və həmin ofisin içərisində piar mütəxəssisinin olmağı olduqca vacibdir”.
Q.Məhərrəmov bildirib ki, əsas məsələ universitetlərin beynəlxalq tələbəyə hazırlıqlı olub-olmaması ilə bağlıdır:
“Bəs, universitetlər hansı formada islahatlar aparmalıdır ki, həmin universiteti əcnəbi tələbələr seçsinlər? Yəni universitetlərimiz beynəlxalq tələbəni qəbul etməyə hazırdırmı? Bu da önəmli sualdır. İlk növbədə bu suallara cavab verilməlidir. Bunun üçün düşünürəm ki, ali məktəblərin yataqxanası, beynəlxalq proqramları olmalıdır.
Yəni ingilis dilində proqramlar təşkil olunmalıdır. Çünki bir tələbə universitetdə ona uyğun olan şəraitin mövcudluğunu gördükdə bizim ali məktəblərdə təhsil almaqdan imtina etməcəyək.
Eyni zamanda məzun olduqdan sonra diplomunun tanınması dünyanın müxtəlif ölkələrində mümkün olacaqsa, o zaman əlbəttə ki, universitetlərimiz seçiləcək. Bu da öz növbəsində Azərbaycanda əcnəbi tələbələrin sayının artmasına səbəb olacaq”,- deyə fikrini yekunlaşdırıb.