Ölkəmizdə əmək miqrasiyası günü-gündən artır. İstər təhsilli, istər təhsilsiz - hər kəs xaricdə işləməyi daha üstün tutur. Düzdür, bu amil əmək bazarını qloballaşdırsa da, xaricə “beyin axını”na səbəb olur.
Bəs görəsən, əmək miqrasiyasının səbəbləri nələrdir? Vətəndaşlarımıza ölkədə daha yaxşı şəraiti necə qura bilərik?
Mövzu ilə bağlı xaricdə yaşayan təhsil eksperti, təhsilin idarəolunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a müsahibə verib.
Q.Məhərrəmov əmək miqrasiyasının səbəblərinə toxunub:
“Əmək miqrasiyası gündən-günə artır. Ölkəmizdə dəhşətli urbanizasiya var. Xüsusən də Bakıya böyük axın var. Paytaxda müxtəlif səbəblərə görə insanlar gəlib məskunlaşır. Bu məskunlaşma çox zaman illeqal xarakter daşıyır. İnsanlar orada qeydiyyata düşmürlər, rəsmi kirayə müqaviləsi bağlamırlar. Rəsmi müqavilə olmadığı üçün kirayə verən də, kirayədə qalan da çətinliklər yaşayır. Əhali artır, yollarda, ictimai nəqliyyatda hərəkət çətinləşir. Bunların hamısı ümumi stres yaradır.
Regionlardakı əhali paytaxta köçdüyü üçün yerdə qalan insanlar əziyyət çəkirlər. Bəzən işıqlar sönür, bəzən su, qaz problemi yaşanır. iş tapmaq mürəkkəbləşir. Bu hal əkinçiyə də zərər vurur, kiçik biznesmenə də…
Təsadüfi deyil ki, sosial problemlər insanlarda sosial stres yaradır.
Sosial stresin nəticəsində isə insan öz yerini-yurdunu dəyişmək, köçmək istəyir. Düşünürlər ki, bəlkə də başqa diyarda problemləri həll olunar. Onlar bəzən iqtisadi, sosial və mədəni səbəblərə görə miqrasiya edirlər.
Uzun illərdən bəri inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə insan axını gedir. Bu axın təbiidir, çünki dünyada beynəlmiləşmə, qloballaşma gedir. İnsanlar beynəlxalq əmək bazarında özünə yer tapmağa çalışır. Necə ki, əcnəbilər ölkəmizdə fəaliyyət göstərir, eləcə də bizim vətəndaşlarımızın da xaricdə azad şəkildə fəaliyyət göstərmək hüququ var.
“Miqrasiyanın anormal olmamağı, normada qalmağı üçün deurbanizasiyaya üstünlük verməliyik”, - deyə mütəxəssis qeyd edib:
“Urbanizasiyanın qarşısını almaq üçün müxtəlif siyasi, iqtisadi addımlara, islahatlara ehtiyac var. Məsələn, universitetlərin regionlara köçürülməsi, bölgələrdə yeni universitetlərin açılması, regionların ümumi, sosial, iqtisadi, mədəni rifahının artırılması və s.
Regionlardakı insanlar sadaladığımız sahələr üzrə təmin olunsalar, insan axının da qarşısı alınmış olar. Onlar öz bölgələrində olacaqlar.
Əhali sıx olanda mütləq orada yarış və rəqabət çox olur. Rəqabətin çox olduğu yerdə stres yaranır, stresin çox olduğu yerdə isə insanlar aqressiya və müxtəlif xəstəliklər yaşayırlar.
Bu baxımdan düşünürəm ki, əmək miqrassiyasının qarşısını sosial, iqtisadi, mədəni islahatlar ala bilər.
Sosial, mədəni, iqtisadi rifahın artırılması üçün dövlətə və KİV-lərə bir çox iş düşür. Bu multifaktorial məsələdir. Mütəxəssislərin birgə müzakirəsi nəticəsində “Beyin axını”nı ölkəmizə çəkməliyik.
Ölkədə əgər iqtisadi, sosial, mədəni rifah olarsa, miqrassiya prosesi təbii olacaq, əgər bu rifah zəif olarsa, insanlar layiq olduqları işdə işləyə bilməsələr, yaşam şəraitləri onlara stres verərsə, o zaman onlar başqa axtarışlar edəcəklər. Bu da təbii bir prosesdir.
Yaxşı şəraiti qurmaq üçün təkcə maddi cəhətdən yox, eləcə də intellektual cəhətdən onları inkişaf etdirən, mədəniyyətin özünü qoruduğu, insanların bir-birinə hörmət etdiyi bir mühit yaranarsa, onlar xaricə axın etməyəcklər”.