“Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti kimi ali təhsil müəssisələrinə YÖK tərəfindən asanlıqla “tanınma belgesi” verilir”
Bu sözləri AzEdu.az-a “Celt Colleges” şirkətinin Türkiyədə təhsil üzrə mütəxəssisi Fərid Kərimov deyib.
O, vurğulayıb ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) ölkədə Azərbaycanın “tanınmayan” təhsil müəssisələrinin siyahısını hər il dəyişə bilər:
“Sosial şəbəkələrdə yayılan məlumata görə, Gəncə Texnologiya və Odlar Yurdu universitetlərinin diplomları YÖK tərəfindən "tanınmayan" təhsil müəssisələrinin siyahısına daxil edilib. Amma bununla bağlı dəqiq məlumatım yoxdur. Çünki, YÖK hər il bununla bağlı müəyyən qərarlar çıxarır. Yəni, bu qurum tərəfindən “tanınmayan” təhsil müəssisələrinin siyahısı hər il dəyişə bilər. Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti kimi ali təhsil müəssisələrinə YÖK tərəfindən asanlıqla “tanınma belgesi” verilir. Əlavə olaraq bildirim ki, Azərbaycan universitetlərindən hansının “tanınması” ilə bağlı YÖK siyahı açıqlamır. Sadəcə, hər hansı Azərbaycan universitetlərinin tanınması ilə bağlı müraciət edəndə məlumat almaq olar”.
“Vision Academy” Tədris Mərkəzinin Türkiyədə təhsil üzrə mütəxəssisi Rəşad Abbasov da YÖK tərəfindən hansı Azərbaycan universitetlərinin “tanınmasını” vurğulayıb:
“Türkiyənin etibarlı mənbələrindən əldə etdiyimiz məlumata görə, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universitetinin Türkiyənin Ali Təhsil Qurumu tərəfindən "tanınmayan” ali məktəblər siyahısına daxildir. Amma bu universitetlərin Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) "tanınmayan” ali məktəblər siyahısına daxil edilməsinə dair heç bir rəsmi sənəd yoxdur. Elə buna görə də, həftə sonuna qədər YÖK-ə gedib, dəqiq məlumatı bildirəcəm. Düşünürəm ki, adı keçən bu universitetlər xaric Azərbaycan universitetlərinin hamısı YÖK tərəfindən tanınır. Çünki keçən il bu məsələ ilə bağlı heç bir problem yaşamadıq”.