Son illər gənclərin xaricdə təhsil almağa marağı daha da artıb.
Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən müəyyən edirlər.
Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.
Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.
İtaliyanın La Sapienza Universitetində təhsil alan Aysel Rəhimli mövzu ilə bağlı zəruri bilgilərini bizimlə bölüşüb.
Aysel Rəhimli hazırda İtaliyada European studies ixtisası üzrə magistr pilləsində təhsil alır.
Öncə, universitet haqqında ümumi məlumat:
La Sapienza Universitetin əsası Papa VIII Bonifatsi tərəfindən qoyulub. Həkim, pedaqoq Mariya Montessori, yazıçı Qabriel Annunsio, rejissor Bernardo Bertoluççi və digərləri bu universitetin məzunları olub.
Yaxşısı budur, universitet haqqında Ayselin özü bizə məlumat versin. Onun sözlərinə görə, La Sapienza Universiteti Avropanın ən qədim ali təhsil müəssisəsidir:
“La Sapienza Universiteti Roma şəhərində yerləşir, əsası 1303-cü ildə qoyulub. Universitet təkcə qədimliyinə görə deyil, eyni zamanda tələbə sayında da Avropada ön sıralarda yer tutur. Burada təxminən, 112 min tələbə təhsil alır. Universitetdə dünyanın bir çox ölkəsindən tələbələrə rast gəlmək olar. Azərbaycandan da kifayət qədər tələbə təhsil alır”.
Aysel bildirib ki, universitetin kitabxanalarında hətta həftə sonu, bayram günlərində belə boş yer tapmaq çətindir:
“La Sapienza Universitetinin kitabxanaları olduqca zəngindir. Ali təhsil müəssisəsinin kitabxanasından tələbələr maksimum dərəcədə yararlanır. Burada hətta həftə sonu, bayram günlərində belə kitabxanalarda boş yer tapmaq çətindir. Azərbaycanla müqayisədə İtaliyada tələbələr kitabxanalardan maksimum dərəcədə yararlanırlar. Ölkənin universitetlərində təhsil xərcləri ixtisasdan asılı olaraq, dəyişir. Oxuduğum ixtisasda illik təhsil haqqı 2000 avrodur. Amma tələbələr təqaüd qazandıqda universitetin illik təhsil haqqından azad olunurlar”.