 
                                Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Nihat Əliyev, Ülvi Sadıqzadə və Cəsur İsmayılovdan ibarət komandası “50-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin (ICPC) Azərbaycan üzrə regional mərhələsinə vəsiqə qazanıb.
Universitetdən Azedu.az-a bildirilib ki, fakültənin dekanı Asif Paşayevlə Riyaziyyat və informatika kafedrasının müəllimi Əli Qurbanovun rəhbərlik etdiyi komanda təsnifat mərhələsində əldə etdiyi nəticəyə uyğun olaraq 3-cü dərəcəli diplomla təltif olunub.
ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universiteti və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən təsnifat mərhələsində Azərbaycanın 22 ali təhsil müəssisəsindən 157 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib.
ICPC-nin Azərbaycan üzrə regional mərhələsi noyabrın 15-də Azərbaycan Texniki Universitetində keçiriləcək. Bu mərhələdə 63 komanda iştirak edəcək. Regional mərhələni müvəffəqiyyətlə başa vuracaq komandalar dekabrın 15-17-də Gürcüstannın Tbilisi şəhərində keçiriləcək “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edəcəklər.
Qeyd edək ki, tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönələn ICPC ötən əsrin 70-ci illərində ABŞ-də başlayıb. 1977-ci ildən beynəlxalq miqyasda keçirilir. Universitetlər ilə sənaye arasında qlobal körpü rolunu oynayan müsabiqənin finalı 2025-ci ilin yayında ilk dəfə Bakıda keçirilib.