AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, Bakı Biznes Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydərov, prorektorluğun metodisti Samir Aslanov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Cavidan Heydərovun açılış nitqi ilə başlayıb:

“Xanım tələbələrimiz universitetdə çox fəaldırlar. Hazırda tələbələrimizin 51%-ni qızlar, 49%-ni isə oğlanlar təşkil edir. Əməkdaş heyətimizin də 60%-i xanımlardan, 40%-i isə bəylərdən ibarətdir. Elə bu zalda iştirak edənlər arasında da xanım tələbələrin say üstünlüyü bunu bir daha göstərir. Bu il istedadlı tələbələri seçərkən də müşahidə etdik ki, xanımlar yenə say baxımından üstünlük təşkil edirlər. Bu, doğrudan da maraqlı və sevindirici tendensiyadır.
AzEdu.az Təhsil Portalına belə maraqlı layihəni həyata keçirdiyi üçün təşəkkürümü bildirirəm. Bu, çox dəyərli təşəbbüsdür və ümid edirəm ki, davamlı xarakter daşıyacaq. Həmçinin, vaxt ayırıb təqdimat mərasimini təşkil etdiyiniz üçün dərin minnətdarlığımı ifadə edirəm. Qeyd edim ki, bu, sizin universitetimizə ilk səfərinizdir və arzu edirəm ki, gələcəkdə əməkdaşlığımız daha da möhkəmlənsin. “Brend tələbə” adına layiq görülən bütün tələbələrimizi səmimi qəlbdən təbrik edirəm".
Daha sonra Ləman Novruzova "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edərək çıxışına başlayıb:

“Bu gün mükafata layiq görülən bütün tələbələri səmimi qəlbdən təbrik edirəm. Sevindirici haldır ki, bu il ilk dəfə olaraq Bakı Biznes Universiteti də bizim layihəyə qoşulub.
Tələbələrin uğurlarının təhsil aldıqları ali məktəblər tərəfindən dəyərləndirilməsi, şübhəsiz ki, çox önəmlidir. Lakin bu uğurların universitet divarlarını aşaraq cəmiyyət və media tərəfindən də tanınması gənclər üçün daha böyük motivasiya mənbəyinə çevrilir. Belə tanınma tələbələri yeni nailiyyətlərə, daha yüksək zirvələrə doğru ruhlandırır və onların gələcək fəaliyyətinə əlavə stimul verir.
Artıq üç ildir ki, AzEdu.az Təhsil Portalı tərəfindən həyata keçirilən bu layihənin əsas məqsədi də məhz bundan ibarətdir - tələbələrin bilik və bacarıqlarını önə çıxarmaq, onların səsini daha geniş ictimaiyyətə çatdırmaq. Layihənin gələcək məqsədi isə onun əhatə dairəsini genişləndirərək Azərbaycanın bütün universitetlərini bu təşəbbüsə cəlb etməkdir".
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Bakı Biznes Universitetinin"Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Fatimə Həsənzadə -Biznesin idarə edilməsi ixtisasının tələbəsi;
Elnar Əhmədov -Biznesin idarə edilməsi ixtisasının tələbəsi;
Asena Məmmədli-Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbəsi;
Vəfa Əkbərova-Maliyyə ixtisasının tələbəsi;
Zərifə Dadaşova-İqtisadiyyat ixtisasının tələbəsi;
Nuray Nəsirzadə-Biznesin idarə edilməsi ixtisasının tələbəsi;
Taleh Hacıyev-Maliyyə ixtisasının tələbəsi;
Zeynəb Qənbərova- Biznesin idarə edilməsi ixtisasının tələbəsi;
Şəbnəm Camalova- Mühasibat uçotu ixtisasının tələbəsi;
Marina Şahbazova- Sosial iş ixtisasının tələbəsi.