Azedu.az

BMU məzunu nüfuzlu beynəlxalq proqramın qalibi olub

Universitetlər

29 Oktyabr 2025, 16:21
BMU məzunu nüfuzlu beynəlxalq proqramın qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin məzunu Nabat İsgəndərova İsveçin Uppsala, ABŞ-nin Texas A&M, Merilend və Alabama kimi tanınmış universitetlərində,
həmçinin Avropa İttifaqının “Erasmus Mundus” proqramı çərçivəsində magistratura təhsili almaq hüququ qazanıb. Onun seçimi qlobal miqyasda ən rəqabətli və prestijli akademik layihələrdən biri hesab edilən “Erasmus Mundus” proqramı olub.

Universitetdən AzEdu.az-a bildirilib ki, Nabat İsgəndərova “Riyazi Hesablamalar və Statistika üzrə Birgə Magistr Proqramı” (Joint Master in Mathematical Computations and Statistics) sahəsində Portuqaliya, İtaliya və Fransa universitetlərində təhsil alacaq. Bu çoxdisiplinar sahə tətbiqi riyaziyyat, statistik modelləşdirmə, məlumatların analizi və hesablama üsulları üzrə qabaqcıl biliklər təqdim etməklə, elmi-tədqiqat, sənaye analitikası, süni intellekt kimi sahələrdə dərin nəzəri, praktiki kompetensiyalar qazandırır.

Qürurverici haldır ki, BMU məzunu dünya üzrə 2500-dən çox şəxs arasından bu proqrama seçilən 12 nəfərdən biridir. Bu, onun fərdi uğuru olmaqla yanaşı, BMU-da verilən keyfiyyətli təhsilin beynəlxalq səviyyədə
tanınmasının göstəricisidir.

671 balla BMU-nun riyaziyyat və informatika sahəsi üzrə bakalavriat səviyyəsinə qəbul olan Nabat İsgəndərova 2023-cü ildə yüksək göstəricilərlə məzun adını qazanıb. BMU rəhbərliyi Nabat İsgəndərovanı bu uğuru münasibətilə təbrik edir, ona gələcək təhsil və elmi fəaliyyətində uğurlar arzulayır!

“Erasmus Mundus” proqramının əsas məqsədi Avropa ali təhsilinin keyfiyyətini yüksəltmək, beynəlxalq akademik əməkdaşlığı gücləndirmək və tələbələrə çoxmillətli mühitdə təhsil, habelə təcrübə qazanmaq imkanı
yaratmaqdır. Tam təqaüdlü təhsil prosesi bir neçə Avropa ölkəsində həyata keçirilir və proqramı uğurla başa vuran məzunlara beynəlxalq səviyyədə tanınan birgə diplom təqdim olunur.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox