Azedu.az

UNEC-də elmin rəqəmsallaşdırılmasında yeni MƏRHƏLƏ

Universitetlər

29 Oktyabr 2025, 09:52
UNEC-də elmin rəqəmsallaşdırılmasında yeni MƏRHƏLƏ

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin rəqəmsallaşdırılması istiqamətində növbəti yenilik həyata keçirilib. Universitetdə elmi məlumatların vahid idarəetmə sistemi üzərindən toplanmasını və analizini təmin edən AVESİS (Academic Data Management System) platformasının təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) professoru Adem Kalınlı platformanın funksionallığı və onun elmi idarəetmə proseslərində tətbiq imkanları barədə ətraflı təqdimatla çıxış edib. Bildirib ki, AVESİS platforması UNEC-də akademik heyətin elmi fəaliyyətinə dair məlumatların toplanması, idarə olunması və sistemləşdirilməsi üçün yaradılmış çoxfunksiyalı idarəetmə sistemidir. Platforma vasitəsilə universitet əməkdaşlarının elmi məqalələri, istinadları, tədqiqat layihələri, patentləri və digər akademik göstəriciləri vahid məlumat bazasında toplanaraq, elmi potensialın real vaxt rejimində izlənməsi mümkün olacaq.

Yeni sistem UNEC-də dataya əsaslanan qərarvermə prosesinin təkmilləşdirilməsinə, elmi nəticələrin ölçülməsi və təhlilinin daha şəffaf və operativ aparılmasına şərait yaradacaq. Bununla yanaşı, AVESİS universitetin beynəlxalq reytinqlərdəki mövqeyinin möhkəmləndirilməsi və elmi fəaliyyətin qlobal standartlara uyğunlaşdırılması baxımından da mühüm alət rolunu oynayacaq.

Professor Adem Kalınlı çıxışı zamanı bildirib ki, elmi fəaliyyətin rəqəmsallaşdırılması müasir universitetlərin idarəetmə sisteminin əsas tərkib hissəsinə çevrilib: “Bu platforma universitetlərdə elmin yalnız nəticələrini deyil, bütün prosesini izləməyə imkan verir. AVESİS vasitəsilə elmi göstəricilərin analizi, əməkdaşların fəaliyyət xəritəsinin hazırlanması və strateji qərarların verilməsi daha effektiv şəkildə mümkün olur.”

UNEC-in rektoru, professor Ədalət Muradov rəqəmsallaşmanın elmi fəaliyyətin idarə olunmasında müasir yanaşmaların tətbiqini sürətləndirdiyini, məlumatların şəffaf, ölçülə bilən və analitik əsaslarla idarə edilməsinə imkan yaratdığını bildirib. O, platformanın tətbiqinin UNEC-in elmi fəaliyyətinin beynəlxalq görünümlüyünü və tanınmasını artıracağını, elmi nəticələrin qlobal akademik məkanla inteqrasiyasını sürətləndirəcəyini və universitetin beynəlxalq elmi reytinqlərdə mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Təqdimatdan sonra UNEC-də elmin rəqəmsallaşdırılması istiqamətində son bir ildə görülmüş işlərin nəticələri müzakirə olunub.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox