Son illər Azərbaycan ali təhsil sistemində elmi-tədqiqat fəaliyyətinin inkişafı dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, innovativ yanaşmaların tətbiqi və elmin iqtisadiyyatla inteqrasiyası baxımından universitetlərin tədqiqat potensialı xüsusi əhəmiyyət daşıyır.
Ali təhsil müəssisələrində son 3 ildə aparılan elmi tədqiqatların sayı üzrə ən yüksək göstəriciyə malik universitetlər hansılardır?Tədqiqat sayına görə birinci olan universitetlərdə kişi və qadın alimlərin sayı və nisbəti necədir?
Mövzu ilə bağlı AzEdu.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) sorğu ünvanlayıb.
Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində son 3 ildə (2022–2024-cü illər) aparılan elmi tədqiqatlar üzrə ən yüksək Scopus və Web of Science (WoS) elmi-metrik bazalarında məqalə nəşr göstəricisinə görə birinci yeri Bakı Dövlət Universiteti (Scopus: 2132 məqalə, WoS: 880) tutur:
"Onu ardınca Azərbaycan Dövlət İqtisad Universiteti (Scopus: 1506 məqalə, WoS: 1074), Azərbaycan Neft və Sənaye Universiteti (Scopus: 1447 məqalə, WoS: 664) və Azərbaycan Texniki Universiteti (Scopus: 774 məqalə, WoS: 136) izləyir. Tədqiqat sayına görə birinci olan universitetlərdə kişi və qadın alimlərin sayı və nisbəti barədə məlumat mövcud deyildir",- deyə agentlikdən məlumat verilib.