Gürcüstan Prokurorluğu Gürcüstan Universiteti ilə bağlı istintaqa başlayıb.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, araşdırma Gürcüstan Texniki Universitetinin (GTU) rektoru Davit Qurgenidzenin müraciəti əsasında həyata keçirilir.
Gürcüstanın Baş Prokurorluğundan bildirilib ki, istintaq GTU-ya məxsus əmlakın vəzifə səlahiyyətlərindən istifadə edilməklə qanunsuz mənimsənilməsi faktı ilə bağlı aparılır.
Davit Qurgenidze müraciətində bildirib ki, GTU-nun istifadəsində və mülkiyyətində olan daşınmaz əmlak (torpaq sahəsi, ona bitişik binalar və idman meydançaları) qanunsuz olaraq özəlləşdirilib.
Faktla bağlı istintaqı Gürcüstanın Baş Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə departamenti aparır.
Qeyd edək ki, Gürcüstan Universiteti Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasaniyaya məxsusdur. 2004-cü ildə təsis edilmiş universitet Gürcüstanın ən böyük özəl ali məktəblərindən biridir.