Universitetlərdə tələbələrin akademik nailiyyətlərinin qiymətləndirilməsi və təqaüd sisteminin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi ali təhsilin əsas prioritetlərindən biridir. Təqaüdlər adətən tələbələrin akademik orta göstəricilərinə əsasən müəyyən edilir. Tədris sessiyasını kəsrsiz və yüksək nəticələrlə başa vuran tələbələr bu hüquqa sahib olurlar.
Bəs təqaüd siyahısı necə formalaşır və bu prosesdə hansı meyarlara əsaslanılır?
AzEdu.az-a Qərbi Kaspi Universitetinin İT və Medya Mərkəzlərinin mütəxəssisi Azər Dadaşov məlumat verib ki, tələbələr akademik orta göstəricilərinə əsasən təqaüdə düşürlər, tədris sessiyasını kəsrsiz və yüksək orta göstərici ilə bitiriblərsə, təqaüd ala bilərlər:
"Amma burada bir nüans var ki, təqaüd alma siyahısı qrupda dövlət sifarişi üzrə təhsil alanların sayına əsasən formalaşır. Əgər qrupda hər kəs ödənişli əsaslarla təhsil alırsa, bu zaman ixtisas üzrə boş qalan təqaüd yerləri təqaüdə düşə biləcək həmin fakültənin eyni kursunun başqa ixtisas tələbələri arasında bölüşdürülür. Təqaüdlə bağlı qaydalar qanunvericiliklə tənzimlənir.
Əlavə olaraqdan, bu ildən universitet olaraq yenilik tətbiq edirik. Tələbə biletləri və təqaüd kartlarını bir kartda birləşdirərək tələbələrə verəcəyik. Yaxın 2-3 həftə ərzində, bütün tələbələrimiz yenilikdən yararlanacaqlar",- deyə qeyd edib.