AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Bakı Avrasiya Universitetinin (BAAU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, Bakı Avrasiya Universitetinin rektor müşaviri Şəfayət Avılbəyli və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Şəfayət Avılbəyli açılış nitqi ilə başlayıb.

O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var:
“İlk növbədə AzEdu.az Təhsil Portalının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm ki, belə bir layihədə bizim tələbələrimizə də yer verilib. Biz, Bakı Avrasiya Universiteti olaraq, həm mətbuata, həm də bu cür layihələrə hər zaman açıq olmuşuq. Artıq ‘Brend Tələbə’ layihəsi universitetimizdə ənənəyə çevrilib və hər il ənənəvi qaydada uğurla davam etdirilir. Burada iştirak edən tələbələrimiz yəqin ki, cəmiyyətdə də seçilən tələbələr sırasına daxil olacaqlar. Bir daha təşəkkür edir, seçimin uğurlu və faydalı olmasını arzu edirəm".
Daha sonra Ləman Novruzova "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edərək çıxışına başlayıb:

"Düşünürəm ki, yüzlərlə, minlərlə tələbənin arasından seçilən 10 nəfər olmaq həm qürurverici, həm də böyük məsuliyyətdir. Universitet sizi bu siyahıya daxil edərkən tələbəlik həyatınız boyunca göstərdiyiniz səyləri, bilik və bacarıqlarınızı yüksək qiymətləndirdiyini göstərir. Ümid edirəm ki, gələcəkdə də bu etimadı doğruldacaqsınız.
AzEdu.az Təhsil Portalı tərəfindən həyata keçirilən bu layihə artıq 3 ildir davam edir. Layihəyə başladığımız zaman bizimlə 20 universitet əməkdaşlıq edirdisə, bu gün bu say 29-a yüksəlib. Gələcək hədəfimiz isə layihənin Azərbaycanın bütün universitetlərini əhatə etməsidir.
Görüşdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Səsiniz həmişə yüksəklərdən gəlsin".
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Bakı Avrasiya Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Rəşidə Edilova -Filologiya fakültəsinin tələbəsi;
Kənan Nəzərov -Filologiya fakültəsinin tələbəsi;
Leyla İbrahimzadə- Filologiya fakültəsinin tələbəsi;
Əli Süleymanzadə- Filologiya fakültəsinin tələbəsi;
Nigar Məmmədova- Filologiya fakültəsinin tələbəsi;
Elşən Quluyev- Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi;
Şerif Xəlilov - Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi;
Çiçək Nəsirli- Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi;
Cəmilə Cəfərova- Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi;
Fidan Əzizova - Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi.