Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) fəaliyyət göstərən Texnologiyaların Transferi Mərkəzinin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsində yeni bölməsi yaradılıb.
AzEdu.az xəbər verir ki, yeni bölmənin məqsədi alternativ enerji qurğularında innovativ həllərin hazırlanması və tətbiqi istiqamətində elmi-tədqiqatların genişləndirilməsidir.
Bölmənin ilk toplantısında dosent Elgiz Həsənov, professorlar Nurməmməd Məmmədov, Abbas Quvalov, magistr Altay Rüstəmov və bakalavr Cəmil Quliyev iştirak ediblər.
Toplantı zamanı bölmənin fəaliyyət istiqamətləri və gələcək planları müzakirə olunub, eləcə də fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə bir sıra qərarlar qəbul edilib.
Müzakirələrin nəticəsinə əsasən, aşağıdakı istiqamətlər üzrə fəaliyyətin gücləndirilməsi planlaşdırılır:
1. Su təsərrüfatı infrastrukturlarının təkmilləşdirilməsi
Su kanallarının betonlanması prosesində izolyasiya maddələrinin səmərəli istifadəsi;
Su itkilərinin qarşısının alınması məqsədilə mütəmadi monitorinqlərin aparılması;
Dərinlikdə yerləşən su kəmərlərində sensor texnologiyaları vasitəsilə suyun axın sürətinin ölçülməsi və statistik təhlili;
Su Ehtiyatları Agentliyinə kompleks təkliflərin hazırlanması və təqdim edilməsi.
2. Nanohissəciklər və nanotexnologiyanın tətbiqi
Nanomaterialların istehsalı və tətbiqi üzrə elmi araşdırmaların aparılması;
Enerji, ətraf mühit və materialşünaslıq sahələrində nanotexnologiyanın tətbiqi ilə bağlı layihələrin işlənməsi.
3. Holsim və Erium maddələrinin tədqiqi
Bu maddələrin xüsusiyyətləri və innovativ enerji sistemlərində tətbiq imkanlarının öyrənilməsi.
4. Rəqəmsal kommunikasiya və ictimai əlaqələrin inkişafı
Texnologiyaların Transferi Mərkəzinin sosial şəbəkə hesablarının yaradılması və sosial media strategiyasının hazırlanması;
İnteraktiv məzmun vasitəsilə ictimaiyyətlə əlaqənin gücləndirilməsi.
5. Elektron poçt sisteminin modernləşdirilməsi
Email hesabının təhlükəsizliyinin artırılması və informasiya axınının optimallaşdırılması.
6. Enerji qənaətli ev konseptinin təkmilləşdirilməsi
Yeni texnologiyalar əsasında enerji səmərəliliyini artıran dizayn və inşaat metodlarının işlənməsi;
İctimaiyyət üçün enerji qənaətinə dair maarifləndirici proqramların təşkili.
Toplantıda həmçinin qeyd edilib ki, yaradılan bölmə AzMİU-da elmi tədqiqatların praktik tətbiqinə, alternativ enerji və ekoloji dayanıqlılıq sahəsində yeni ideyaların formalaşmasına mühüm töhfə verəcək.