Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “RİSK-2025” - 7-ci Beynəlxalq Avrasiya Risk Konfransının açılış mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, “İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunmuş konfrans mühəndislik, energetika, ekosistemlərin idarə olunması, texnoloji risklər və davamlı inkişaf sahəsində aparıcı beynəlxalq mütəxəssisləri bir araya gətirib.
Konfrans “AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-nin Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın açılışında ADNSU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək bildirib ki, sürətlə dəyişən müasir dünyada infrastruktur sistemlərinin təhlükəsiz və dayanıqlı idarə olunması qlobal əhəmiyyət daşıyır. Rektor vurğulayıb ki, bu istiqamətdə elmi əməkdaşlığın və bilik mübadiləsinin gücləndirilməsi, xüsusilə də süni intellekt texnologiyalarının tətbiqi ilə risklərin idarə edilməsinə yeni baxışların formalaşdırılması, gələcək nəsil mühəndislərin hazırlığında mühüm rol oynayır.
ADNSU rektoru qeyd edib ki, “RİSK-2025” konfransı təkcə elmi araşdırmaların mübadiləsi üçün deyil, həm də regional və beynəlxalq tərəfdaşlıqların möhkəmlənməsi baxımından mühüm platforma rolunu oynayır. O, konfransın nəticələrinin infrastruktur layihələrinin planlaşdırılması, enerji təhlükəsizliyi və davamlı inkişaf strategiyalarına praktik töhfələr verəcəyinə əminliyini ifadə edib.
Konfransın ümumi sədri, professor Vüqar Əliyev tədbir haqqında ətraflı məlumat verərək qeyd edib ki, builki toplantı risk mühəndisliyinin yeni istiqamətlərini, texnoloji dəyişikliklərin ekosistemlərə təsirini və insan amilinin rolunu müxtəlif aspektlərdən araşdırır.
Daha sonra Proqram Komitəsinin həmsədri, Rusiya Elmlər Akademiyasının Ural Federal Universitetinin Elm və Mühəndislik Mərkəzinin rəhbəri, Nobel Sülh Mükafatı laureatı, professor Svyatoslav Timashev “İnfrastrukturların risk əsaslı dizaynında və istismarında süni intellekt: təhlükələr və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, süni intellektin sənaye sistemlərində tətbiqinin həm potensial təhlükələri, həm də mühüm imkanları barədə elmi arqumentlər irəli sürüb. Timashev qeyd edib ki, risk yalnız təhlükə deyil, eyni zamanda inkişafın zəruri mərhələsidir. O, infrastruktur layihələrinin dizaynında süni intellekt alqoritmlərinin etik və təhlükəsizlik aspektlərinin daha dərindən araşdırılmasının vacibliyinə diqqət çəkib.
London Universitet Kollecinin Risk və Fəlakətlərin Azaldılması Departamentinin rəhbəri professor İlan Kelman “Seçim nəticəsində fəlakət: ‘Təbii fəlakətlər’ niyə nadir hallarda mövcuddur” mövzusunda çıxış edərək insan qərarlarının fəlakətlərin qarşısının alınmasında əsas amil olduğunu vurğulayıb. O, fəlakət anlayışının çox zaman sosial və idarəetmə problemlərinin nəticəsi olduğunu, risk azaldılmasının isə düzgün planlaşdırma və ictimai davranış modellərinin formalaşdırılmasından asılı olduğunu bildirib.
Siti Universitetinin Qabaqcıl Tədqiqatlar İnstitutunun direktoru professor Uey Kuo “Təmiz enerji və davamlılıq” mövzusunda çıxışında enerji sistemlərinin gələcək inkişafında alternativ mənbələrin və texnoloji innovasiyaların rolunu təhlil edib. O, davamlı enerji istehsalının həm iqtisadi, həm də ekoloji sabitliyə təsirini elmi faktlarla əsaslandırıb.
Hanoy Vyetnam Milli Universitetinin Siyasət və İdarəetmə İnstitutunun direktoru, professor, Bax Tan SİNH “Vyetnamın Mekonq Deltasında daşqınlarla yaşamaq siyasəti” mövzusunda çıxışında iqlim dəyişikliklərinin Asiya regionunda yaratdığı sosial-iqtisadi təhdidlərə diqqət çəkib. O, hökumət səviyyəsində riskə adaptasiya siyasətinin formalaşdırılmasının vacibliyini qeyd edib.
İtaliyanın Beynəlxalq İrriqasiya və Drenaj Komissiyasının prezidenti, professor Marko Arcieri “İtaliyada böyük bəndlərin risk yönümlü istismarı” adlı məruzəsində iri infrastruktur obyektlərinin təhlükəsizliyinin qiymətləndirilməsində müasir monitorinq və idarəetmə mexanizmlərinin tətbiq təcrübəsini təqdim edib.
Konfrans çərçivəsində gün ərzində risk yönümlü qərar qəbuletmə, ərzaq təhlükəsizliyi və torpaq meliorasiyasında yeni texnologiyalar, həmçinin fəlakət riskləri mövzularında panel və poster sessiyalar da təşkil olunub.
Üç gün davam edəcək “RİSK-2025” konfransının ikinci günündə “Davamlılıq paradiqmasında insan amili”, “Risk və şəhər təhlükəsizliyinin kompleks yanaşması”, “Neft və qaz sənayesində risk və dayanıqlılıq”, eləcə də “Texnoloji risklər və davamlı inkişaf” mövzularında müzakirələr aparılacaq.