Azedu.az

AzMİU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO 

Universitetlər

21 Oktyabr 2025, 15:30
AzMİU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTO 

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev, Gənclər Təşkilatının sədri Yusif Quliyev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Nicat Abdullayevin nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsi ilə bağlı AzEdu.az-a təşəkkür edib, gəncləri təbrik edib.

"İlk növbədə qeyd etmək istərdim ki, təltif edilən tələbələrimiz universitetimizin ictimai həyatında fərqlənən, bizim üçün əziz olan gənclərdir. Sizin “Brend tələbə” kimi seçilməniz həm universitetimiz, həm də rəhbərlik üçün böyük sevincdir. Sizə həm öz adımdan, həm də universitet rəhbərliyi adından dərin təşəkkürümü bildirirəm.

Qeyd edim ki, bu layihə artıq 3 ildir tələbələri qiymətləndirir və sevindirici haldır ki, biz bu layihədə ikinci ildir iştirak edirik. Əminəm ki, hər biriniz universitet həyatında aktivliyinizi davam etdirəcək və gələcəkdə uğurlu karyeraya qədəm qoyacaqsınız".

170570

Daha sonra baş redaktor Ləman Novruzova layihə barədə ətraflı məlumat verib, gəncləri təbrik edib. Qeyd edib ki, tələbələri motivasiya etmək üçün bu layihənin xüsusi rolu var.

170571

"Düşünürəm ki, minlərlə tələbənin içərisindən seçilən 10 nəfər olmaq həm qürur, həm də məsuliyyətdir. Universitetin sizi bu siyahıya daxil etməsi həm tələbəlik həyatınız boyunca göstərdiyiniz səylərin, həm də bilik və bacarıqlarınızın yüksək qiymətləndirilməsinin nəticəsidir. Hesab edirəm ki, bu etimadı gələcəkdə də doğruldacaqsınız.

Layihənin əsas məqsədi tələbələrin akademik və şəxsi uğurlarını ictimaiyyətə tanıtmaq, onların daha fəal, məqsədyönlü və müasir düşüncəli fərdlər kimi formalaşmasına töhfə verməkdir. Əgər üç il əvvəl 20 universitet layihəyə qoşulmuşdusa, bu il artıq 29 ali təhsil müəssisəsi iştirak edir. Gələcək hədəfimiz layihənin Azərbaycanın bütün ali təhsil müəssisələrini əhatə etməsidir. Qalib olan bütün tələbələri ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram".

Gənclər Təşkilatının sədri Yusif Quliyev söyləyib ki, təltif olunan tələbələr demək olar ki, hər iki təşkilatın ən aktiv və fəal yaradıcı tələbələridir. 

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:

Emil Qurbanlı - Tikinti-iqtisad fakültəsinin tələbəsi;

Sevinc Məmmədli- Dizayn fakültəsinin tələbəsi;

Vüsal Hüseynli- Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbəsi;

Ayla Muradzadə-Tikinti-iqtisad fakültəsinin tələbəsi;

Arzu İsazadə- Dizayn fakültəsinin tələbəsi;

Məhəmməd Əzizbəyli- Memarlıq fakültəsinin tələbəsi;

Ceyhun Rəhimli- Nəqliyyat fakültəsinin tələbəsi;

Bəhram Muradlı- Nəqliyyat fakültəsinin tələbəsi;

Tellixanım Əliyeva- Tikinti-iqtisad fakültəsinin tələbəsi;

Nigar Abdullayeva- Dizayn fakültəsinin tələbəsi.

Mehdiyevçilər "VURULUR" - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox