Bakı Mühəndislik Universitetində (BMU) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) həftəsi çərçivəsində açılış tədbiri keçirilib. Məqsəd BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri barədə tələbələrin məlumatlılığını artırmaq və onları bu istiqamətdə fəaliyyətə təşviq etmək olub.
AzEdu.az xəbər verir ki, açılışda BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov çıxış edərək bildirib ki, DİM həftəsi universitet icmasında ekoloji və sosial məsuliyyətin təşviqi üçün əhəmiyyətli bir platformadır. Bildirilib ki, tələbələr həftə ərzində təşkil olunacaq fəaliyyətlərdə iştirak etməklə həm biliklərini genişləndirəcək, həm də cəmiyyət üçün faydalı təşəbbüslər həyata keçirəcəklər.
Sonra Tələbə Elmi Cəmiyyətinin sədri Aysu Cəbrayılova DİM həftəsi çərçivəsində nəzərdə tutulan tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, bu tədbirlər zamanı tələbələr yalnız öyrənməyəcək, eyni zamanda öz ideyalarını paylaşacaq, faydalı layihələr həyata keçirmək imkanı qazanacaqlar.
Kimya mühəndisliyi kafedrasının dosenti Nərminə Quliyeva isə DİM-in istiqamətləri, hədəfləri barədə geniş məruzə ilə çıxış edib. Çıxışda DİM məqsədlərinin dünyada necə tətbiq olunduğu nümunələrlə izah olunub, yaşıl texnologiyalar sahəsində qlobal səviyyədə aparılan işlərə diqqət çəkilib. N.Quliyeva tələbələri DİM istiqamətlərində elmi araşdırmalar aparmağa, yaradıcı layihələr hazırlamağa çağırıb və BMU laboratoriyaları, eləcə də Texnoparkının onların ideyalarının reallaşdırılması üçün geniş imkanlarını vurğulayıb.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar dayanıqlı inkişaf mövzusunda öz baxış və təkliflərini bölüşüblər.
Daha sonra DİM açılış həftəsi çərçivəsində ekoloji yönümlü aksiya təşkil olunub. Aksiya çərçivəsində tələbələr kampus ərazisində təmizlik işləri aparıblar. Tədbirin əsas məqsədi gənclər arasında ekoloji maarifləndirməni artırmaq və dayanıqlı həyat tərzinin təşviqinə dəstək göstərmək olub. Tələbələr tullantıları çeşidləyərək karton qutulara toplayıb, bərk və yumşaq məişət tullantılarını ayrılıqda təhvil veriblər.
Bu təşəbbüs DİM-in “Məsuliyyətli istehsal və istehlak”, “İqlim dəyişikliyinə qarşı mübarizə”, “Məqsədlər naminə tərəfdaşlıq” istiqmətlərinə uyğun olaraq həyata keçirilib.