Son illərdə Azərbaycanda ali təhsilin inkişafı istiqamətində mühüm addımlar atılsa da, bəzi tələbə və valideynlər arasında regionlarda yerləşən universitetlərə qarşı müəyyən stereotiplər hələ də qalmaqdadır. Bu ali məktəblər bəzən “son çarə” və ya “seçim çatışmazlığı” nəticəsində yazılan təhsil ocaqları kimi qiymətləndirilir. Halbuki, region universitetlərinin maddi-texniki bazası, professor-müəllim heyəti və tədris imkanları son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib.
Üstəlik, keçid ballarının paytaxt universitetlərinə nisbətən daha aşağı olması bu ali məktəblərdə təhsilin keyfiyyətsiz olması demək deyil. Əksinə, bu, bölgələrdə təhsilə daha geniş çıxış imkanı yaradılması üçün atılmış ədalətli addım kimi qiymətləndirilə bilər.
Bəs, cəmiyyətdə region universitetlərinə qarşı mənfi yanaşmanın əsas səbəbi nədir? Region universitetlərinin inkişafı və keyfiyyətli təhsilin təmin olunması üçün hansı addımlar atılır və ya planlaşdırılır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələnin çox ciddi və dərin kökləri var:
“Cəmiyyətdə belə bir fikir formalaşıb ki, sanki bölgə universitetlərində təhsil tamamilə keyfiyyətsizdir. Mən bu fikirlə razı deyiləm. Lakin etiraf etməliyik ki, bütün universitetlərdə, o cümlədən bəzi bölgə universitetlərində təhsilin keyfiyyəti arzuolunan səviyyədə deyil. Bu məsələyə obyektiv yanaşmaq lazımdır.
Hesab edirəm ki, söhbət universitetlərin paytaxtdan bölgələrə köçürülməsindən yox, məhz bölgə universitetlərinə qəbulun artırılmasından getməlidir. İnsanları bölgələrdə təhsil almağa təşviq etməliyik. Bunun üçün isə kompleks şəkildə işlər görülməli, maarifləndirmə aparılmalıdır.
Qeyd etdiyim kimi, rayon universitetlərində vəziyyət eyni deyil. Bəzilərində təhsilin keyfiyyəti qənaətbəxşdir, bəzilərində isə deyil. Buna görə də həmin ali məktəblərdə təhsilin keyfiyyətini artırmaq üçün ciddi addımlar atılmalıdır.
Mən hesab edirəm ki, bölgələrdə əlavə universitetlərin yaradılması məsələsi də gündəmə gətirilməlidir. Bizim buna real ehtiyacımız var. İlk növbədə qəbul planları artırılmalı, ikinci mərhələdə isə bölgə universitetlərinin maddi-texniki bazası və tədris imkanları gücləndirilməlidir”.