Bakı Mühəndislik Universitetində (BMU) SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” layihəsi ilə bağlı tələbələr üçün infosessiya keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, infosessiyada BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzinin müdiri Gülçöhrə İbrahimova çıxış edərək tələbələrin karyera inkişafı istiqamətində həyata keçirilən əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğulayıb.
Sonra SOCAR-ın İşə qəbul və karyera planlama şöbəsinin rəisi Həmid İsrafilov şirkət tərəfindən gerçəkləşdirilən müxtəlif layihələrdən danışıb. Bildirib ki, “Gənc İstedadlar Proqramı 2026” SOCAR-ın gənclərin peşəkar inkişafına, bacarıqlarının reallaşdırılmasına və gələcək kadr potensialının formalaşdırılmasına yönəlmiş strateji təşəbbüslərindən biridir. Proqram sayəsində tələbələr real istehsalat mühitində bilik və bacarıqlarını sınamaqla yanaşı, ölkənin enerji sektorunda gələcək karyeralarına möhkəm zəmin yaradırlar.
Tədbirdə, həmçinin SOCAR-ın İşə qəbul və karyera planlama şöbəsinin insan resursları üzrə aparıcı mütəxəssisləri Xəyalə Cəlilzadə, Rəşad Ələkbərov və proses mühəndisi Nərmin Süleymanlı (BMU-nun “Kimya mühəndisliyi” ixtisasının 2023-cü il məzunu) çıxış ediblər. Çıxışlarda proqramın məzmunu, seçim mərhələləri, iştirakçılara təqdim olunan imkanlar barədə geniş məlumat verilib. Qeyd edilib ki, proqram çərçivəsində yuxarı kurs və magistratura tələbələrinə real iş mühitində təcrübə qazanmaq, peşəkar mentorlardan öyrənmək, müxtəlif layihələrə qatılmaq, şəxsi və peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı yaradılır. Eyni zamanda, iştirakçılar zəngin elektron öyrənmə platformalarından faydalana, çoxşaxəli və inklüziv mühitdə fəaliyyət göstərə bilərlər.
İnfosessiya zamanı vakant təcrübə istiqamətləri, proqram müddətində iştirakçılara aylıq ödənişin təqdim olunması, təcrübə göstəricilərinə əsasən SOCAR-da daimi işə qəbul imkanının nəzərdə tutulması da diqqətə çatdırılıb (//careers.socar.az/internshiplist)
Sonda tələbələrin sualları cavablandırılıb.