15 sentyabr 2025-ci il tarixindən Lənkəran Dövlət Universitetinin Baytarlıq fakültəsinin Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan V tədris ili tələbələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda kliniki-təcrübə dərsləri keçir.
AzEdu.az xəbər verir ki, ötən müddət ərzində tələbələr institutun bütün laboratoriyaları ilə yaxından tanış olublar. İlkin təcrübəyə tələbələr institutun Quş xəstəlikləri şöbəsi laboratoriyasından başlayıblar. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, istehsalat təcrübəsinin rəhbəri, aqrar.e.ü.f.d., dosent Mirzəmməd Həsənov tələbələrə innovativ texnologiyaların tətbiqi olaraq fittobiotik təsirli bitkilərin müxtəlif infeksion xəstəliklərinə qarşı müalicə-profilaktika üsulları, quşlarda kliniki müayinələr, patanatomik yarmanın aparılmasına dair elmi-praktiki təcrübə dərsləri keçir, praktik məşğələlər aparır.
LDU-nun V tədris ili tələbələrinin hal-hazırda da institutun arı və balıq xəstəlikləri, baytarlıq klinikası və heyvanların infeksion yoluxucu xəstəlikləri, yoluxmayan daxili xəstəliklər, parazitologiya, quş xəstəlikləri, virusologiya və baytarlıq preparatlarının istehsalı və nəzarəti şöbələrində 2025-2026-ci tədris ili planına uyğun olaraq kliniki-təcrübə dərslərinin keçirilməsi davam edir.
Tədris planına əsasən 15 sentyabr tarixindən baslanan təcrübə 15 həftə müddətinə nəzərdə tutulub.