AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının baş redaktoru Ləman Novruzova, ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin əməkdaşı Elnur Hadıyev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Elnur Hadıyevin açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib.
"Bu layihə artıq 3 ildir ki, icra olunur və biz ilk ildən iştirak edən universitetlərdənik. Hər il olduğu kimi bu il də universitet tərəfindən layihənin meyarlarına cavab verən 10 tələbə seçilib. Qalib olan şəxsləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram".
Rəna Cəbrayılova layihənin təqdirəlayiq olmasından söz açıb:
"Brend sözü seçilmiş mənasına gəlir və siz artıq fəaliyyətinizlə seçilmiş tələbələrsiniz. Gələcək fəaliyyətinizdə də "seçilmiş"lərdən olmağa davam etməyinizi arzu edirəm".
Daha sonra Ləman Novruzova tələbələri təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb.
“Layihəyə qoşulan universitetlərin sayının ildən-ilə artması, ali təhsil müəssisələrinin bu təşəbbüsə və təşkilatçı quruma göstərdiyi yüksək etimadın göstəricisidir. Layihənin əsas məqsədi tələbələrin akademik və şəxsi uğurlarını ictimaiyyətə tanıtmaqla gənclərin daha fəal, məqsədyönlü və müasir düşüncəli fərdlər kimi formalaşmasına töhfə verməkdir. Əgər üç il əvvəl 20 universitetlə əməkdaşlıq edirdiksə, bu il artıq 29 ali təhsil müəssisəsi layihəyə qoşulub.Gələcək hədəfimiz layihənin Azərbaycanın bütün ali təhsil müəssisələrini əhatə etməsidir. Qalib olan bütün tələbələri ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram”.
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Riyad Baxşıyev - Energetika fakültəsi;
Eldar Abbasov - Neft-qaz mühəndisliyi fakültəsi;
Elxan Ağabəyli - Neft-qaz mühəndisliyi fakültəsi;
Karina Məmmədova - Kimya mühəndisliyi fakültəsi;
Eltun Səfərli - Cihaz mühəndisliyi fakültəsi;
Cavidan Aşurlu - Kompüter mühəndisliyi fakültəsi;
Fidan Səlimova - Nüft-qaz mühəndisliyi fakültəsi;
Şahanə Məmmədova - Sənaye mühəndisliyi fakültəsi;
Xanım Məmmədova - Geologiya mühəndisliyi fakültəsi;
Murad Qaramollayev - Mexatronika və robototexnika fakültəsi.