Azedu.az

Hansı universitetlər məzunlara diplomlarını təqdim edib?- SORĞU

Universitetlər

15 Oktyabr 2025, 14:21
Hansı universitetlər məzunlara diplomlarını təqdim edib?- SORĞU

2024-2025-ci tədris ilinin yekunlaşması ilə əlaqədar məzun olan tələbələrin diplomlarının hazırlanması və onlara təqdim olunması prosesi gündəmdədir.

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, universitetdə bakalavr və magistratura səviyyəsi üzrə bütün diplomlar məzunlara təqdim edilib.

ADA Universitetindən bildirilib ki, avqust ayından etibarən bütün diplomlar artıq verilib.

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin sözlərinə görə, Bakı Mühəndsilik Universietində cari ilin iyul ayından builki məzunlara diplomların verilməsinə başlanılıb:

“Hər hansı problem mövcud deyil”.

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, LDU-da həm magistratura, həm bakalavr üzrə diplomların verilməsində heç bir problem yoxdur:

“Sentyabr ayının 10-dan diplomların verilməsinə başlanılıb. Müraciət edən bütün tələbələr gəlib diplomu universitetdən götürürə bilirlər".

Azərbaycan Dövlət və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən verilən məlumata görə, diplomların verilməsi prosesi hazırda universitetdə mərhələli şəkildə həyata keçirilir.

“Belə ki, universiteti uğurla bitirən, yəni bütün təhsil şərtlərini yerinə yetirən və müvafiq imtahanlardan keçən məzunların diplom alması ilə bağlı heç bir problem və ya gecikmə halı yoxdur. Diplomlar tədris prosesini başa vurmuş tələbələrə mütəmadi olaraq təqdim olunur.

Təbii ki, bəzən müəyyən səbəblərdən  məsələn, sənədlərini təqdim etməyən və ya imtahanlardan keçməyən bəzi tələbələr diplom ala bilmir. Bu hallar isə çox nadir və istisna xarakterlidir. Ümumilikdə isə universiteti uğurla başa vuran tələbələrin diplomlarını vaxtında və problemsiz şəkildə aldıqlarını qeyd etmək olar”.

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, ATMU da diplomların təhvil verilməsi mərhələli şəkildə həyata keçirilir:

“Belə ki, ilk öncə xaricdə təhsil alan və təcili diplom götürməyə ehtiyacı olanlara diplomlar artıq təhvil verilib, bundan başqa 3 fakültədən birinin tələbələri artıq diplomları təhvil alıb, digər fakültələrin də akademik qruplarının diplomları hazır olduqca məzunlara məlumat verilir və diplomları təqdim olunur.Diplomlar xəttatdadır, hazır olan kimi təhvil veriləcək. Gözlənilən müddət noyabr ayının əvvəlinədir”.

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, sentyabrın 29-dan bu ilin məzunlarına diplomların verilməsinə başlanıb.

Xəzər Universitetindən verilən məlumata əsəasən, diplomların verilməsi ilə bağlı heç bir problem yoxdur:

“Əksəriyyət diplomlarını almışdır”.

Sumqayıt Dövlət Universitetinin (SDU) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmlilər bildirib ki, Sumqayıt Dövlət Universitetində 2024/2025-ci tədris ilində universiteti bitirən bakalavr və magistratura məzunlarına diplomların təqdim olunması prosesi mərhələli şəkildə həyata keçirilir:

“Tələbələrin fərdi müraciəti əsasında diplomun təcili təqdim olunmasına da şərait yaradılır və bu cür hallarda sənədlər qısa müddət ərzində təqdim edilir.

Ümumi qaydada isə məzunlara diplomların verilməsi noyabr ayının 1-dən etibarən başlanacaqdır”.

Azərbaycan Texnologiya Universitetindən qeyd edilib ki, artıq 1 həftədir ki, diplomların verilməsi prosesinə başlanılıb:

“Məzunlar universitetə gələrək diplomlarını təhvil götürürlər”.

Mingəçevir Dövlət Universitetindən (MDU) əldə etdiyimiz məlumata görə, məzunların diplomları tamamlanmaq üzərədir və oktyabrın sonunda və ya noyabrın ilk həftəsindən etibarən ixtisaslar üzrə paylanılması təmin ediləcəkdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  (AZMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev söyləyib ki, ali təhsil haqqında şəhadətnamənin, diplomların verilməsi prosesi artıq başladılıb:

“Bu proses həyata keçirilir, diplomların verilməsinə başlanılıb, qısa şəkildə desək. Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin diplomlarının verilməsi ilə bağlı bütün yoxlama işləri həyata keçirilib və diplom ala biləcək tələbələrin siyahısı Elm və Təhsil Nazirliyinin Ali Təhsil üzrə Dövlət Agentliyinə təqdim olunub. 

Müvafiq dövlət qurumları tərəfindən bu tələbələrin sənədləri yoxlandıqdan sonra, uyğunluq dərəcəsi dəqiqləşdirildikdən sonra həmin tələbələrin adlarına diplomlar universitetə göndərilir və mərhələli şəkildə tələbələr universitetə çağırılır, diplomlar onlara təqdim olunur”.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Müşviq bildirib ki, diplomlar konkret bir gündə verilmir:

“Bu il ADMİU-nu bitirən məzunların diplomları çoxdan hazırdır. Diplomların verilmə vaxtı var və hansı məzunumuz müraciət edirsə, rahatlıqla gəlib diplomunu götürə bilir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata əsasən, hazırda diplomların hazırlanması prosesi yekunlaşmaq üzrədir:

“Noyabr ayının 1-dən etibarən bütün məzunlara diplomlar təqdim olunmağa başlanılacaq. Məzunların müraciətləri əsasında zəruri hallarda diplomun daha tez verilməsi də təmin olunur”.

Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı
Son xəbərlərDaha çox