Bakı Mühəndislik Universitetində (BMU) fakültə dekanları, kafedra müdirləri, müəllimlər və əməkdaşların iştirakı ilə elmi-tədqiqat və innovasiya fəaliyyətinin institusional potensialının gücləndirilməsi və inkişafının təşviqinə həsr olunan seminar keçirilib.
AzEdu.az xəbər verir ki, seminarı giriş sözü ilə açan BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov ali məktəbdə son illər elmi-tədqiqat fəaliyyətinin inkişaf dinamikasından danışıb. Prorektor universitetin elmi potensialının daha da artırılması, elmi nəticələrin beynəlxalq elmi bazalarda geniş şəkildə təmin olunmasının vacibliyini qeyd edib. Vurğulanıb ki, elmi fəaliyyətin institusional səviyyədə təşkili, idarəolunması, habelə fakültə və kafedraların bu prosesdə fəal iştirakı universitetin reytinq göstəricilərinin
yüksəlməsində mühüm rol oynayır.
Sonra BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mais Əzizov mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda QS reytinq metodologiyası, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda (Web of Science və Scopus) 2025-ci ilə aid məqalələrin statistik göstəriciləri təqdim olunub. Qeyd edilib ki, son
iki ildə universitet əməkdaşlarının bu bazalarda dərc olunmuş məqalələrinin sayı artıb. Həmçinin fakültə və kafedralar üzrə məqalə müəlliflərinin sayı, beynəlxalq həmmüəlliflik əlaqələri, eləcə də ölkələr üzrə elmi əməkdaşlıq göstəriciləri barədə məlumat verilib. Təqdimat zamanı müsbət nəticələr, zəif qalan istiqamətlər və atılmalı addımlar təhlil olunub, kafedraların elmi fəaliyyətini gücləndirmək üçün konkret vəzifələr müəyyənləşdirilib.
Bundan başqa, seminarda iştirakçılara akademik informasiya bazaları və nəşriyyat platformaları, eyni zamanda pulsuz məqalə dərcinə imkan verən resurslar haqqında informasiyalar təqdim olunub. Elmi məhsuldarlığın artırılması üçün müəlliflərin Google Scholar-da profil yaratmasının əhəmiyyəti və bu addımın tədqiqatçıların beynəlxalq mühitdə tanınmasını artırmaqla yanaşı, universitetin reytinqlərdəki mövqeyinə təsiri vurğulanıb. Müzakirələr zamanı akademik heyətin daha geniş müstəvidə elmi fəaliyyətə cəlb olunması, bu yöndə işin intensivləşdirilməsi zərurəti diqqətə çatdırılıb.
Eyni zamanda yeni elmi informasiya bazası-ProQuest Central-dan istifadənin genişləndirilməsi təklif olunub. Sonda belə seminarların BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən (SDG) 9-cu istiqamət (sənaye, innovasiya və inkişaf) hədəflərinə uyğun olması, elmi-tədqiqat fəaliyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də QS metodologiyasına əsaslanan fəaliyyətin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və bir sıra təkliflər irəli sürülüb.