Bakı Mühəndislik Universiteti (BMU) Malayziyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir. Bu istiqamətdə növbəti tərəfdaşlıq görüşü Sunvay Universiteti ilə keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə universitetlərin akademik heyəti və aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, həmçinin elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov çıxış edərək ali təhsil müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə görüşlər universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənməsinə və qlobal akademik mühitə inteqrasiyasına töhfə verir. Bundan başqa, BMU-da həyata keçirilən elmi-tədqiqat və innovasiya yönümlü layihələr barədə də zəruri informasiyalar diqqətə çatdırılıb.
Görüşdə Sunvay Universitetinin əməkdaşı Jade Thum Yun Seong təqdimatla çıxış edib. Bundan başqa, çıxışlarda BMU ilə mümkün əməkdaşlıq istiqamətlərinə toxunulub.
Tərəflər müəllim, tələbə mübadiləsinin təşkili, birgə elmi-tədqiqat layihələrinin hazırlanması, ikili diplom proqramlarının yaradılması məsələlərini ətraflı müzakirə ediblər. Dayanıqlılıq, mühəndislik, informasiya texnologiyaları sahələrində potensial əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.
Sonda əməkdaşlığın hüquqi əsaslarını müəyyənləşdirəcək memorandum layihəsinin hazırlanması barədə razılığa gəlinib.