Azedu.az

Əməkhaqqı səviyyəsi: Diplom yoxsa universitet müəyyənləşdirir?

Universitetlər

14 Oktyabr 2025, 12:24
Əməkhaqqı səviyyəsi: Diplom yoxsa universitet müəyyənləşdirir?

"ABŞ-də əmək bazarı uzun illərdir ki, ali təhsilin iqtisadi dəyəri haqqında müzakirələrin mərkəzində dayanır. Lakin son tədqiqatlar göstərir ki, bu ölkədə əməkhaqqının səviyyəsi təkcə diplomun olub-olmaması ilə deyil, həm də diplomu verən universitetin nüfuzu və seçilən ixtisasla sıx bağlıdır".

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professor qeyd edib ki, Amerikanın aparıcı tədqiqat qurumlarının son məlumatlarına görə, bu gün ABŞ-da ən yüksək gəlir gətirən ixtisas “neft-qaz mühəndisliyi”, ən gəlirli universitet isə Massaçusets Texnologiya İnstitutudur:“Pew Research Center”in 2023-cü il hesabatı göstərir ki, ali təhsilin fərdi rifah səviyyəsinə təsiri hələ də əhəmiyyətlidir. 25–34 yaş arası gənc kişilərin illik orta gəliri məktəb məzunları üçün 45 min dollar, bakalavr dərəcəsi olanlar üçün isə 77 min dollar təşkil edib. Qadınlarda bu göstəricilər müvafiq olaraq 36 min və 65 min dollar olub.Beləliklə, təkcə bakalavr diplomu belə, gəncin illik gəlirini təxminən 30 min dollar artırır. Amma bu, hekayənin yalnız başlanğıcıdır. Çünki hansı universitetin diplomu və hansı ixtisas da gəlir fərqini dramatik dərəcədə dəyişir.

Payscale şirkətinin 3 milyondan çox bakalavrın karyerasını əhatə edən genişmiqyaslı araşdırması göstərib ki, eyni ixtisas üzrə fərqli universitetləri bitirən məzunların gəlirləri arasında bəzən 130 min dollara qədər fərq yaranır.Tədqiqat həm də təsdiqləyib ki, dəqiq və texniki elmlər üzrə təhsil alanlar- mühəndislər, proqramçılar, fiziklər və kimyaçılar – humanitar sahələrdə oxuyanlardan qat-qat çox qazanırlar. Məsələn, neft-qaz mühəndisliyi ixtisasını seçənlər karyeralarının ortasında illik orta hesabla 212 min dollar qazanırlar.

Gözlənildiyinin əksinə olaraq, tədqiqat göstərib ki, ABŞ-da uzunmüddətli perspektivdə ən yüksək gəlir gətirən universitet nə Harvard, nə də Princeton olub.Massaçusets Texnologiya İnstitutu (MIT) məzunlarına həm elmi nüfuz, həm də real iqtisadi dəyər baxımından ən yüksək nəticə qazandırıb. Karyeranın ilk illərində MIT məzunları yalnız Harvi Madd Kollecinə uduzurlar, lakin 10 ildən sonra əmək bazarında birinci yerə yüksəlirlər.

İviliq Liqasının universitetləri- Harvard, Princeton, Pennsylvania və Dartmouth siyahının ilk onluğuna daxil olsalar da, adətən onun sonuna yaxın yerlərdə qərarlaşıblar. Əvəzində, STEM sahələrində (elm, texnologiya, mühəndislik, riyaziyyat) güclü olan təhsil ocaqları önə çıxıb.

Ən maraqlısı isə Harvard və Braun universitetlərinin iqtisadçıları tərəfindən 2023-cü ildə aparılan araşdırmanın nəticəsidir. Məlum olub ki, İviliq Liqası universitetlərində oxumaq məzunların gəlirlərinə statistik olaraq əhəmiyyətli təsir göstərmir. Yəni “brend” universitet diplomu bəzən gözlənildiyi qədər gəlir gətirmir.

Bu nəticələr göstərir ki, müasir iqtisadiyyatda təkcə ali təhsil faktı kifayət etmir. Əsas olan təhsilin keyfiyyəti, ixtisasın bazar dəyəri və universitetin tətbiqi yönümlü hazırlığıdır. Texnologiya əsrində əmək bazarı “diplomu olan” insanı deyil, dəyər yaradan və innovasiya bacarığına malik mütəxəssisi qiymətləndirir.Və bəlkə də bu, XXI əsrin təhsilinə verilən ən mühüm mesajdır: söz sahibi diplom deyil, biliyin iqtisadi ekvivalenti real bacarıqdır".

 

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox