AzEdu.az Təhsil Portalı ilə ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib.
Bu gün AzEdu.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə təşkilatçılığı ilə ADDA-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az-ın baş redaktoru Ləman Novruzova, rektorun müşaviri Vüqar Sadıqov, Gəmi sürücülüyü fakültəsinin dekanı Elnur Abbasov və Gəmi sürücülüyü fakültəsinin dekan müavini Fərqan Kəlbiyev, tədris qeydiyyat şöbəsinin müdiri Əsədullah Süleymanov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi zamanı çıxış edən Vüqar Sadıqov bu təşəbbüslə bağlı təşəkkürünü bildirib:
"Bu kimi layihələr gənclərin öz potensiallarını üzə çıxarması, gələcək karyera hədəflərini müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Burada iştirak edən tələbələr həm akademik göstəriciləri, həm də ictimai fəallıqları ilə fərqlənirlər. Seçim prosesinin şəffaf və obyektiv aparılması layihəyə olan inamı və dəyəri daha da artırır".
Tədbirin mahiyyətindən danışan Elşad Eyvazlı sözügedən layihənin tələbələr arasında sağlam rəqabət mühiti formalaşdırdığını bildirib:
"Layihə tələbələr arasında sağlam rəqabət yaratmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bu proses həm gənclərin öz potensialını kəşf etməsinə şərait yaradır, həm də abituriyentlər üçün əlavə motivasiya mənbəyinə çevrilir. Beləliklə, öyrənməyə maraq və şəxsi inkişafa meyil daha da artır".
AzEdu.az-ın baş redaktoru Ləman Novruzova çıxışı zamanı tələbələri təbrik edib:
"Layihədə iştirakçı sayının artması ali təhsil müəssisələrinin həm layihəyə, həm də təşkilatçı quruma olan etimadının aydın göstəricisidir. Bu təşəbbüsün əsas məqsədi tələbələrin akademik və şəxsi nailiyyətlərinin ictimaiyyətə təqdim edilməsi vasitəsilə gənclərin daha fəal, məqsədyönlü və müasir düşüncəli olmasına töhfə verməkdir. Həmçinin bu il akademiya ilk dəfə layihədə iştirak etdi. Bu etimada görə də rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm".
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:
Emil İsmayılov - Gəmi sürücülüyü fakültəsinin tələbəsi;
Kənan Babayev - Gəmi sürücülüyü fakültəsinin tələbəsi;
Ziya Novruzlu - Gəmi sürücülüyü fakültəsinin tələbəsi;
Həşim Abbasov - Gəmi sürücülüyü fakültəsinin tələbəsi;
Mirzə Həsənli - Gəmi sürücülüyü fakültəsinin tələbəsi;
Aydan Əliyeva - Gəmi mexanikası və elektromexanikası fakültəsinin tələbəsi;
Yusif Ağakişiyev - Gəmi mexanikası və elektromexanikası fakültəsinin tələbəsi;
Yusif İbrahimov - Gəmi mexanikası və elektromexanikası fakültəsinin tələbəsi;
Aynurə Əliyeva - Gəmi mexanikası və elektromexanikası fakültəsinin tələbəsi;
Arif Kərimli - Gəmi mexanikası və elektromexanikası fakültəsinin tələbəsi.