Müasir cəmiyyətin inkişafında hüququn və ədalətin qorunması mühüm rol oynayır. Bu baxımdan hüquqşünaslıq ixtisası həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük əhəmiyyət kəsb edən sahələrdən biri hesab olunur.
Hüquq sahəsində peşəkar kadrların hazırlanması üçün bir sıra ali təhsil müəssisələrində bu ixtisas üzrə tədris həyata keçirilir.
Hüquqşünaslıq ixtisasına daha çox qızlar, yoxsa oğlanlar maraq göstərir?
Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Naxçıvan Dövlət Universitetindən (NDU) bildirilib ki, “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr səviyyəsində I, II, III və IV kurslarda ümumilikdə 217 tələbə təhsil alır:
"Belə ki, onlardan 126-sı qız, 91-ı oğlandır.Magistratura səviyyəsi üzrə 19 nəfər 14 qız, 5 oğlan təhsil alır. Doktorantura səviyyəsi üzrə isə 2 oğlan tələbə təhsilini davam etdirir. Beləliklə, ümumi statistik göstəricilərə əsasən hazırda “Hüquqşünaslıq” ixtisası üzrə Naxçıvan Dövlət Universitetində 238 tələbə ali təhsil alır".
ADA Universitetindən verilən məlumat əsasən, bakalavr (LLB) pilləsi üzrə ümumi tələbə sayı 519 nəfərdir:
"Belə ki, onlardan 211 nəfəri kişi, 308 nəfəri isə qadındır. Magistr (LLM) pilləsi üzrə isə ümumi tələbə sayı 34 nəfərdir. Onlardan 11 nəfəri kişi, 23 nəfəri qadındır.Beləliklə, Hüquqşünaslıq ixtisası üzrə ümumi tələbə sayı (LLB və LLM) 553 nəfər təşkil edir".
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) bildirilib ki, bakalavriat səviyyəsi üzrə ümumilikdə 195 tələbə hüquqşünas ixtisası üzrə təhsil alır:
"Belə ki, onlar arasında 135 nəfər qız tələbəsidir. Həmçinin magistraturada 29 tələbə təhsil alır. Belə ki, təhsil alanlardan 20 nəfəri qızdır".
Bakı Dövlət Universitetindən (BDU) əldə etdiyimiz məlumata görə, hüquqşünaslıq ixtisası üzrə bakalavr əyani tədris formasında 1469 tələbədən 1028 qız, 441 isə oğlan tələbədir:
"Qiyabi formada isə 238 tələbədən 181 qız, 57 oğlan tələbədir. Həmçinin magistratura təhsil pilləsi üzrə 344 tələbə bu ixtisas üzrə təhsilini davam etdirir. Belə ki, onlardan 211 nəfəri qız, 133 nəfər isə oğlan tələbəsidir".