Azedu.az

Bakalavr və magistr təhsili: “Maaş və status baxımından hələ də bərabərdir”

Universitetlər

Magistratura

7 Oktyabr 2025, 15:44
Bakalavr və magistr təhsili: “Maaş və status baxımından hələ də bərabərdir”

Bu gün magistr təhsili alan biri ilə bakalavr təhsili alan şəxs arasında istər əməkhaqqı baxımından, istərsə də digər titullar və status baxımından ciddi bir fərq yoxdur.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev söyləyib.

O qeyd edib ki, ali təhsil müəssisələrində MİQ imtahanına istiqamətli, ixtisaslaşmış hazırlıq aparılmır:

"Çox təəssüflər olsun ki, bu gün istər magistraturaya qəbul imtahanı, istərsə də magistratura təhsili ölkəmizdə istənilən səviyyədə deyil. Magistraturaya qəbul zamanı bakalavr öz ixtisası üzrə imtahan vermir. Məsələn, tutaq ki, bir nəfər tarix ixtisasını bitirib və magistratura səviyyəsində də tarix üzrə təhsil almaq istəyir. Amma qəbul imtahanında yalnız məntiq, xarici dil və informatika fənlərindən imtahan verir. Sevindirici hall olardı ki, bu fənlərlə yanaşı, bakalavrın ixtisasına uyğun suallar da imtahana daxil ediləydi.

Məntiq vacibdir, imtahanlar daha çox məntiq yönümlü olur. İnformatika da, günümüzün tələblərinə uyğun olaraq, təbii ki, lazımlı sahədir. Xarici dil bilikləri də son dərəcə vacibdir, bunlara heç kim etiraz etmir. Ancaq bunlarla yanaşı, bakalavrın öz ixtisası üzrə də suallar imtahanda yer almalıdır. Çünki bu zaman daha obyektiv qiymətləndirmə aparılar. Humanitar fənlər üzrə təhsil almış bakalavrlar, dəqiq fənlər üzrə təhsil almış bakalavrlara nisbətən qəbul imtahanlarında daha az bal toplayırlar. Bu isə təbii olaraq, cəmiyyətdə sosial bərabərsizliyə səbəb olur".

Hazırda magistratura pilləsində tədris prosesi ürəkaçan səviyyədə deyil:

"Magistraturaya qəbulda kompüter və riyaziyyat yönümlü ixtisasları bitirənlər daha yüksək nəticələr göstərirlər. Humanitar sahə üzrə təhsil almış şəxslər isə nisbətən aşağı nəticə göstərirlər. Bu da ictimai ədalət baxımından narahatlıq doğurur. Düşünürəm ki, bu məsələyə ciddi şəkildə baxılmalı və qəbul imtahanı prosesində islahat aparılmalıdır.

İkinci məsələyə gəlsək, bu da magistratura dərslərinin keyfiyyəti ilə bağlıdır. Təəssüf ki, hazırda magistratura pilləsində tədris prosesi ürəkaçan səviyyədə deyil. Bunu magistraturanı bitirmiş şəxslərin təcrübəsində də açıq şəkildə görmək mümkündür. Magistr təhsilini başa vuran bir gənc əmək bazarına asanlıqla inteqrasiya ola bilmir. Məsələn, humanitar sahə üzrə müəllimlik ixtisasını bitirən bir gəncimiz tarix və ya coğrafiya müəllimi məzun olduqdan sonra MİQ imtahanında yüksək nəticə göstərə bilmir. Bu səbəbdən də həmin şəxslər əlavə hazırlıqlara, kurslara ehtiyac duyurlar. Bu isə, əlbəttə ki, ürəkaçan vəziyyət deyil.

Ali təhsil müəssisələrində MİQ imtahanına istiqamətli, ixtisaslaşmış hazırlıq aparılmır. Buna görə də məzunlar məcbur qalıb öz ixtisasları üzrə əlavə dəstək alırlar. Bir gənc bakalavr təhsilini bitirib, sonra magistratura pilləsini başa vurur, amma yenə də müəllim olmaq üçün MİQ imtahanına hazırlaşmalıdır. Və çox təəssüf ki, həmin gənc bu qədər təhsil almasına baxmayaraq, MİQ imtahanında öz ixtisası üzrə tələb olunan nəticəni əldə edə bilmir. Bu isə acınacaqlı vəziyyətdir".

Magistratura pilləsində daha çox tədqiqat yönümlü, elmi əsaslı təhsil təşkil olunmalıdır:

"Etiraf etməliyik ki, gənclərin təxminən 50 faizi bu çətinliklərlə üzləşir. Bu, yalnız müəllimlik sahəsində deyil, mühasibatlıq, iqtisadiyyat və kompüter yönümlü ixtisaslarda da müşahidə olunur. Yəni, bakalavr və magistr təhsili almış bir şəxs əmək bazarına qoşulmaq üçün əlavə kurslara getməyə məcbur qalır. Ali təhsil müəssisəsi elə bir şəkildə tədris aparmalıdır ki, yalnız bakalavr təhsilini bitirən məzun belə əmək bazarına hazır şəkildə daxil ola bilsin. Amma təəssüf ki, bu sahədə vəziyyət istənilən səviyyədə deyil.

Magistratura pilləsində daha çox tədqiqat yönümlü, elmi əsaslı təhsil təşkil olunmalıdır. Əgər tələbə MBA proqramı üzrə təhsil alırsa, tədris prosesi də bu istiqamətdə qurulmalıdır. Çünki magistratura pilləsi akademik tədqiqat mərhələsidir, sırf əmək bazarına çıxış üçün nəzərdə tutulmayıb. Bakalavr təhsili kifayət etməlidir ki, məzun əmək bazarına daxil ola bilsin. Magistratura isə elmi tədqiqatlara başlanğıc mərhələsidir. Bu mərhələdə tələbələrə elmi istiqamətdə dəstək verilməli, onların tədqiqat bacarıqları inkişaf etdirilməlidir".

Magistr və doktorantlarımız beynəlxalq elmi standartlara uyğun şəkildə hazırlanmır:

"Təəssüf ki, hazırda magistratura təhsili çox zaman bakalavr təhsilinə bənzər şəkildə aparılır. Doktorantura pilləsinə keçid edənlər də ciddi çətinliklərlə üzləşirlər. Akademik göstəricilər zəif olduğu üçün elmi fəaliyyət aparmaqda çətinlik çəkirlər.

Eyni zamanda, ali təhsil müəssisələrində dərs deyən bəzi müəllimlər istər dosent, istər professor tituluna sahib olanlar beynəlxalq elmi araşdırmaları zəif olduğuna görə beynəlxalq səviyyədə elmi tədqiqat və məqalə yazmaqda çətinlik çəkirlər. Bu isə onu göstərir ki, magistr və doktorantura təhsil pillələrində tələbələrə bu istiqamətdə yetərli dəstək göstərilmir.

Magistr və doktorantlarımız beynəlxalq elmi standartlara uyğun şəkildə hazırlanmır. Ona görə də düşünürəm ki, bu sahədə ciddi dəyişikliklərə ehtiyac var. Biz təhsil sistemimizi beynəlxalq standartlarla ayaqlaşdırmalıyıq. Əgər ali məktəblərdə dərs deyən müəllim belə beynəlxalq səviyyəli məqalə yazmaqda çətinlik çəkirsə, demək ki, sistemdə haradasa ciddi problem var. Bu problemi diqqətə almalı və təhsil sistemində lazımi addımlar atmalıyıq".

Baxın, elə ona görə də cəmiyyətdə belə bir fikir formalaşıb: "Magistraturanı oxusam, bunun mənə nə faydası olacaq?".

"Bu gün həqiqətən də, gənclərimizin böyük bir əksəriyyəti bakalavr təhsilini bitirdikdən sonra birbaşa əmək bazarına yönəlir, yəni pul qazanmağa çalışır. Çünki düşünür ki, magistraturanı oxuyub bitirsəm belə, bu, mənim iş fəaliyyətimdə hər hansı ciddi bir dəyişiklik yaratmayacaq.

Bu gün magistr təhsili alan biri ilə bakalavr təhsili alan biri arasında istər əməkhaqqı baxımından olsun, istərsə də digər titullar və status baxımından ciddi bir fərq yoxdur. Mənim təklifim budur ki, məktəb direktoru seçimi zamanı bakalavr deyil, magistr dərəcəsi olanlara üstünlük verilsin. Yəni biz cəmiyyət olaraq magistratura təhsilinə təşviq etməli və magistr diplomunun nüfuzunu artırmalıyıq. Eləcə də əməkhaqqında bakalavr və magistr arasında fərqlər qoymalıyıq.

Söhbət cüzi fərqdən getmir. Ciddi fərqlər qoyulmalıdır ki, bu, bir tərəfdən magistratura təhsilinə marağı artırsın, digər tərəfdən də gənclər arasında bu təhsilin önəmi barədə fikir formalaşsın. Çünki bu gün bir gənc düşünür ki, mən magistraturaya gedəcəm, iki il vaxt itirəcəm, üstəlik, əgər ödənişli əsaslarla oxuyursam, əlavə maliyyə xərci çəkəcəm, amma sonda bakalavrdan elə bir fərqim olmayacaq

Bu səbəbdən də magistraturaya yönələn gənclərin sayı getdikcə azalır. Bu isə, təbii ki, həm ali təhsil müəssisələrində, həm də ümumilikdə akademik səviyyədə sayın azalmasına gətirib çıxarır. Bu isə gələcəkdə istər ölkədaxili təhsil sistemində, istərsə də beynəlxalq səviyyədə müəyyən problemlərə yol aça bilər.

Azərbaycan artıq inkişaf edən bir ölkədir. Artıq ölkədə ali təhsil müəssisələrinin sayı artır. Təbii ki, bu müəssisələrin sayının artması ilə yanaşı, həmin müəssisələrdə dərs deyəcək keyfiyyətli kadrların da sayı artmalıdır. Keyfiyyətli tədris üçün keyfiyyətli mütəxəssislərə ehtiyac var.

Bu səbəbdən də gənclərin magistratura təhsilinə yönləndirilməsi, bu istiqamətdə stimullaşdırıcı şəraitin yaradılması əsas məsələlərdən biridir. Düşünürəm ki, magistratura təhsilinə marağı artırmaq üçün bakalavr və magistr dərəcəsi arasında müəyyən fərqlər olmalıdır. Elə bu fərqlər də gəncləri magistratura təhsilinə meyilləndirəcək".

Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ
Son xəbərlərDaha çox