Azedu.az

Magistraturada yeni mərhələ: danışığın yoxlanılması nəyi dəyişəcək?

Universitetlər

6 Oktyabr 2025, 16:41
Magistraturada yeni mərhələ: danışığın yoxlanılması nəyi dəyişəcək?

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanında danışıq bacarıqlarının qiymətləndirilməsi, yəni “speaking” mərhələsinin tətbiqini planlaşdırır.

Bəs Azərbaycanda bakalavr pilləsində xarici dilin öyrədilməsi bu mərhələyə nə dərəcədə hazırdır? Mövcud kurikulum və dil hazırlığı sistemləri bu yeni tələbi qarşılamaq üçün yetərlidirmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov bildirib ki, xarici dil üzrə “speaking” nəticələrinin qiymətləndirilməsi,  yəni danışıq bacarığının yoxlanılması artıq beynəlxalq təcrübənin tətbiqi olaraq gündəmə gəlib:

“Son illərdə doktorantura səviyyəsinə qəbul zamanı bu yanaşma tətbiq olunur. Çünki bir çox beynəlxalq dil imtahanlarında yalnız qrammatik biliklər deyil, həm də danışıq bacarıqları onlayn və ya üzbəüz imtahanlarda qiymətləndirilmənin əsas komponenti kimi yer alır.

Doğrudur, doktoranturaya sənəd verənlərin sayı nisbətən azdır və bu səbəbdən prosesin idarə olunması daha asandır. Amma magistratura səviyyəsində hər il 14-15 min nəfər namizəd sənəd təqdim edir ki, bu da “speaking” mərhələsinin təşkili baxımından müəyyən çətinliklər yarada bilər. Buna baxmayaraq, bu mərhələ ildə bir neçə dəfə keçirilməklə texniki və təşkilati baxımdan tənzimlənə bilər.

Artıq qeyd etdiyim kimi, doktorantura səviyyəsində bu istiqamətdə təcrübə formalaşır. Həmçinin Dövlət İmtahan Mərkəzinin özündə də beynəlxalq imtahanlar həyata keçirilir və həmin imtahanlarda “speaking” mərhələsi üçün zəruri maddi-texniki baza və ekspert potensialı mövcuddur”.

Ümumi təhsil pilləsində kurikulumlar və dərsliklər yenilənib, kommunikativ bacarıqların birgə inkişaf etdirilməsi məqsədilə inteqrasiya olunmuş yanaşma tətbiq edilir:

“Ümumi təhsil pilləsində kurikulumlar və dərsliklər yenilənib, danışıq, oxu, yazı və dinləyib-anlama bacarıqları birlikdə inkişaf etdirilməsi məqsədilə inteqrasiya olunub. Bu baxımdan düşünürəm ki, “speaking” mərhələsinin tətbiqi ciddi problem yaratmayacaq. Sadəcə, iş yükünün çoxluğu səbəbindən müəyyən çətinliklər yarana bilər, lakin bu da düzgün planlama ilə aradan qaldırıla bilər”.

Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum
Son xəbərlərDaha çox