Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025-2026-cı tədris ili üçün tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 102 gənc Prezident təqaüdünə layiq görülüb.
Maraqlıdır, həmin tələbələr hansı ixtisas üzrə təhsil alır?
Mövzu ilə bağləı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza Bakı Ali Neft Məktəbindən (BANM) cavab olaraq bildirilib ki, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır:
"BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri Kompüter elmləri, 12 nəfəri isə yeni açılan Maliyyə ixtisasının tələbəsidir".
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə, UNEC-in 4 tələbəsi Prezident Təqaüdünə layiq görülüb:
"Tələbələr Beynəlxalq İqtisadiyyat Məktəbində (lSE) “Maliyyə” ixtisası üzrə təhsil alırlar".
Azərbaycan Tibb Universitetindən verilən məlumata görə, Prezident təqaüdünə layiq görülən 26 nəfərdən 18-I Müalicə-profilaktika fakültəsinin "Tibbi" ixtisası üzrə təhsilini davam etdirir:
"7 nəfəri II Müalicə-profilaktika fakültəsinin "Tibb" ixtisası, 1 nəfər isə Stomatologiya fakültəsinin "Stomatologiya" ixtisası üzrə təhsil alır".
Bakı Dövlət Universitetindən bildirilib ki, Prezident təqaüdünə layiq görülən 16 nəfər Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alır.
"ADA" Universitetindən məlumat verilib ki, 13 prezident təqaüdçüsündən, 4 - Hüquqşünaslıq, 6 - maliyyə, 1 - riyaziyyat, 1 - iqtisadiyyat, 1 - kompüter elmləri ixtisasına qəbul olublar.
Naxçıvan Dövlət Universitetdən əldə etdiyimiz məlumata əsasən, 1 tələbə təqaüdə layiq görülüb:
"Belə ki, o, kompüter mühəndisliyi ixtisası üzrə təhsil alır".