Azedu.az

AzMİU alimlərinin ixtirasına patent verildi

Universitetlər

3 Oktyabr 2025, 12:28
AzMİU alimlərinin ixtirasına patent verildi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025 0032 saylı “Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorun alınma üsulu” adlı ixtirasına “Patent və Əmtəə Nişanlarının Ekspertizası
Mərkəzi” tərəfindən müsbət qərar verilib.

Universitetdən AzEdu.az-a bildirilib ki, patentin müəllifləri - AzMİU-nun “Materialşünaslıq” kafedrasının professoru, “Texnologiyaların Transferi Mərkəzinin” müdiri professor Abbas Quvalov və həmin kafedranın dosenti Səidə Abbasovadır.

Yeni ixtira beton və inşaat qarışıqlarının keyfiyyətini artırmaq məqsədilə üzvi-mineral modifikatorların əldə olunmasını nəzərdə tutur. Bu texnologiya tikinti sənayesinə mühüm üstünlüklər qazandırır. Belə ki, modifikatorun tətbiqi nəticəsində betonun suya və şaxtaya davamlılığı yüksəlir, çatlama və deformasiyalara qarşı dayanıqlıq əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, yeni texnologiya ekoloji baxımdan daha təhlükəsizdir və dayanıqlı inkişaf prinsiplərinə xidmət edir.

İqtisadi baxımdan da böyük səmərəlilik təmin edən bu üsul əlavə enerji və xammal sərfinin azalmasına, nəticədə isə tikinti şirkətlərinin daha az xərc hesabına yüksək keyfiyyətli nəticə əldə etməsinə şərait yaradır. İxtiranın geniş tətbiq sahəsi vardır: o, yaşayış binalarının inşasında, sənaye obyektlərinin tikintisində, yol və körpü layihələrində, eləcə də hidrotexniki qurğuların yaradılmasında uğurla istifadə oluna bilər.

Bu patent AzMİU-da həyata keçirilən elm və innovasiya yönümlü inkişaf strategiyasının parlaq nəticələrindən biridir. Universitetin alimləri tərəfindən ərsəyə gətirilən ixtiralar ölkənin tikinti sənayesinin modernləşdirilməsinə, yeni texnologiyaların istehsalata tətbiqinə və elmi nailiyyətlərin praktik dəyərə çevrilməsinə xidmət edir.

Qeyd edək ki, bu kimi uğurlar təkcə Azərbaycanın tikinti sahəsinin inkişafına deyil, həm də beynəlxalq miqyasda ölkəmizin elmi potensialının tanınmasına mühüm töhfə verir.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox