Azedu.az

BMU-da psixoloji mövzuda görüş təşkil olunub

Universitetlər

2 Oktyabr 2025, 15:48
BMU-da psixoloji mövzuda görüş təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) Milli Məclisin deputatı Nigar Məmmədova və Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmovun iştirakı ilə tələbələrlə görüş təşkil olunub.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BMU-nun rektoru Yaqub Piriyev görüşün təşəbbüskarı olan deputat Nigar Məmmədovaya təşəkkürünü bildirib. Rektor qeyd edib ki, belə tədbirlər yeni qəbul olunan tələbələrin universitet həyatına daha tez uyğunlaşmasına, qarşıya çıxan çətinliklərin aşılmasına və onların inkişafına mühüm töhfə verir.  

Sonra çıxış edən deputat Nigar Məmmədova tələbəlik dövründə meydana çıxan çətinliklərdən danışaraq, müəllim və dostlarla sağlam ünsiyyətin qurulmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, müstəqil həyata atılan addımlar məhz universitet illərindən başlayır və bu mərhələdə birlik, həmrəylik mühiti formalaşdırmaq xüsusi önəm daşıyır. Psixoloji maarifləndirmə təlimlərinin müasir dövrdə mühüm istiqamət olduğunu deyən deputat müəllimlərin tələbələrin ən düzgün yolgöstərəni olduğunu diqqətə çatdırıb. 

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov isə yeni mühitə uyğunlaşma mövzusunda geniş nitq söyləyib. Natiq çıxışında bildirib ki, universitet illəri insan həyatının ən dinamik, dəyişkən dövrlərindən biridir və bu mərhələdə tələbələr bir sıra psixoloji çətinliklərlə qarşılaşa bilirlər. Vurğulanıb ki, adaptasiya prosesində ən çox müşahidə olunan hallar tənhalıq hissi, yeni dostluqların qurulmasında çətinlik, akademik gərginlik və ailədən uzaqlaşma ilə bağlı emosional narahatlıqlardır. Özünün ali təhsil illərindəki təcrübəsini də tələbələrlə bölüşən Elnur Rüstəmov onlara problemlərin aradan qaldırılması üçün bir sıra gərəkli tövsiyələr verib.  

İnteraktiv formatda davam edən görüşdə tələbələrin qarşılaşdıqları psixoloji problemlər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox