Sentyabrın 30-da Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Akademik məqalələrin yazılması və məntiqi struktur prinsipləri” mövzusunda təlim təşkil olunub.
AzEdu.az xəbər verir ki, universitetin akt zalında keçirilən təlimdə MDU-nun və Mingəçevir Turizm Kollecinin professor-müəllim heyəti üzvləri iştirak edib.
Təlimin açılışında Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev universitetin rektoru Anar Eminovun salamlarını çatdırıb, mövzunun aktuallığını vurğulayıb, gənc tədqiqatçıların elmi fəaliyyətində bu cür biliklərin əhəmiyyətindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Biznes və menecment kafedrasının müəllimi Ramil Həsənov təqdimatla çıxış edərək akademik məqalələrin hazırlanması mərhələləri, məntiqi strukturun qorunması prinsipləri, mənbələrlə işləmə bacarıqları və beynəlxalq elmi jurnallarda dərc üçün tələblər barədə ətraflı məlumat verib.
Təlim interaktiv şəkildə davam edib, iştirakçıların sualları cavablandırılıb və praktik nümunələr əsasında müzakirələr aparılıb.
Sonda belə tədbirlərin tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətə marağının artırılmasına mühüm töhfə verdiyi qeyd olunub.