Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm görüş keçirilib. Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Ilhom Abdurahmanovun rəhbərlik etdiyi nümayəndə heyəti universitetin qonağı olub.
AzEdu.az xəbər verir ki, qonaqları AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva qarşılayıb. Tərəflər arasında keçirilən müzakirələrdə iki ali təhsil müəssisəsi arasında tərəfdaşlığın yaradılması və inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadilə proqramlarının təşkili, ortaq elmi konfransların keçirilməsi, yüksək impakt faktorlu jurnallarda birgə məqalələrin dərc olunması, beynəlxalq layihələrin icrası kimi əsas istiqamətlər nəzərdən keçirilib.
Görüşdə AzMİU tərəfdən Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli də iştirak edib.