Azedu.az

44 günlük müharibə iştirakçılarından neçə nəfəri tələbədir? - SORĞU

Universitetlər

27 Sentyabr 2025, 16:04
44 günlük müharibə iştirakçılarından neçə nəfəri tələbədir? - SORĞU

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını sipər edənlər arasında gənclər, xüsusilə də tələbələr də ön sıralarda yer alıb.

Maraqlıdır, Azərbaycan universitetlərində 44 günlük Vətən müharibəsində iştirak edən neçə tələbə var?

Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, universitetdə 27 nəfər Vətən müharibəsi veteranı var:

"Onu da qeyd edim ki, BMU-nun Memarlıq və İnşaat fakültəsinin I kurs tələbəsi, 19 yaşlı Azər Abdullazadə, Azərbaycan Respublikasının ən ali hərbi təltifi olan Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb".

Mingəçevir Dövlət Universitetindən (MDU) verilən məlumata görə, II Qarabağ müharibəsində iştirak etmiş 30-a yaxın tələbə MDU-da təhsilini davam etdirir.

Azərbaycan Universitetindən (AU) bildirilib ki, Vətən müharibəsində iştirak edən 7 tələbə universitetdə təhsil alır.

"Belə ki, 1 nəfər magistratura, 6 nəfər isə bakalavriat tələbəsidir".

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova qeyd edib ki, universitetin 11 şəhidi var, 3 şəhid ailəsi universitetdə çalışır:

“Hazırda 18 tələbə təhsil alır, 8 nəfər - əməkdaş, müəllim və işçi Qarabağ müharibəsi və antiterror əməliyyatlarının iştirak ediblər".

Azərbaycan Dövlət Neft və Sənayə Universitetindən (ADNSU) verilən məlumata əsasən, Vətən müharibəsində iştirak edən 2 nəfər ADNSU-da təhsil alır.

Xəzər Universitetindən bildirilib ki, universitetdə 7 nəfər II Qarabağ müharibəsinin qazisidir:

"Hansı ki, onlar tələbədir. Vətən müharibəsində iştirak edən 4 nəfər əməkdaşımız da var".

Azərbaycan Dövlət Dəniz Akademiyasından verilən məlumata görə, hazırda ADDA-da 35 müharibə iştirakçısı təhsil alır.

Sumqayıt Dövlət Universitetindən (SDU) qeyd olunub ki, universitetdə həm 44 günlük Vətən müharibəsinin, həm də antiterror əməliyyatlarının iştirakçısı olmuş 9 tələbə təhsilini davam etdirir:

"Onların qəhrəmanlıqları universitet ictimaiyyəti tərəfindən daima diqqət mərkəzində saxlanılır".

Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, 54 nəfər Vətən müharibəsi, 4 nəfər antiterror əməliyyatında və 1 nəfər həm Vətən müharibəsi, həm də antiterror əməliyyatında iştirak etmiş tələbə AzTU-da təhsilini davam etdirir:

"Belə ki, bu rəqəm ümumilikdə 59 nəfər təşkil edir".

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox