Ötən gün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, Azərbaycan universitetləri arasında tədqiqatlarla bağlı əlaqələr arzuolunan səviyyədə deyil.
Tədqiqat fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Azərbaycan universitetləri arasında müvafiq əməkdaşlıq platformalarının yaradılması nə dərəcədə vacibdir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Elçin Süleymanov qeyd edib ki, həqiqətən də Azərbaycanda universitet daxilində əməkdaşlar müəyyən qədər birgə tədqiqat aparsalar da, universitetlərarası əlaqə zəifdir:
“Daha çox beynəlxalq əlaqələr qurulur. Lakin universitetlərarası da birgə tədqiqatların aparılması məqsədəuyğundur. Burada müxtəlif obyektiv və subyektiv səbəblər var. İlk növbədə, tədqiqatçıların eyni sahə üzrə bir araya gələcəyi platformalar olmalıdır. Bir başqa məsələ, bəzən tədqiqatçıların bir-birlərinin işlərindən xəbərləri olmur. Ona görə də elmi işlər mütləq universitetin fəaliyyətində paylaşılmalıdır. Konfranslar daha spesifik və sahənin mütəxəssislərindən ibarət təşkil olunmalıdır.
Bəzən Azərbaycanda universitetlərin keçirdiyi konfranslar bütün sahələri əhatə edir və çox geniş mövzu adı ilə keçirilir. Bu halda eyni sahənin tədqiqatçılarının bir araya gəlib nəyisə müzakirə etməsi mümkün olmur. Sessiyalarda iştirakçı sayı çox olduğuna görə ya hər kəs söz ala bilmir, ya da çox qısa şəkildə öz tədqiqatının xülasəsini təqdim edir. Bu səbəbdən geniş müzakirə imkanları yaranmır, çünki proqramda mövzuların sayı həddindən artıq çox olur.
Belə şəraitdə birgə müzakirə və diskussiya platformalarının olması faydalı ola bilər. Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universitetinin keçən il atdığı müsbət bir addım nümunə göstərilə bilər. Belə ki, onlar impakt faktorlu nəşrlərə mükafat verərkən birgə tədqiqatları təşviq etmiş və ən azı iki ölkədən tədqiqatçıların iştirakı şərtini qoymuşdular. Bu halda ödənilən mükafat artırılmışdı. Bu, maraqlı bir addım idi və düşünürəm ki, bənzər təşəbbüslər universitetlərarası əməkdaşlığın güclənməsinə xidmət edə bilər.
Digər bir istiqamət isə birgə laboratoriyaların qurulması və ya aparıcı universitetlərdəki laboratoriyalardan, həmçinin Elmlər Akademiyasının bazasında mövcud olan laboratoriyalardan müxtəlif universitetlərin tədqiqatçılarının birgə istifadə etməsi ola bilər. Belə əməkdaşlıq ortaq işlərin ortaya çıxmasına şərait yaradacaq.
Qeyd etdiyim kimi, həm universitetlərarası, həm də tədqiqatçılararası əlaqələrin inkişafı təhsilin və elmin gələcəyinə xidmət edir və alqışlanmalıdır”.