Universitetlərin beynəlxalq əməkdaşlıq şəbəkəsi onların yalnız təhsil keyfiyyətini artırmır, həm də tələbələr üçün geniş imkanlar yaradır.
Dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq, tələbələrə ikili diplom proqramları, təcrübə imkanları, elmi layihələrdə iştirak və qlobal bilik mübadiləsi imkanı təqdim edir.
AzEdu.az əməkdaşlıq etdikləri xarici universitetlərlə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq universitetin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Universiteti Türkiyə, Almaniya, İtaliya, ABŞ, Polşa, Xorvatiya, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Şimali Kipr Türk Respublikası, Pakistan, Litva və Rumıniyanın bir sıra universitetləri ilə əməkdaşlıq edir. Bəzi universitetlərlə tələbə-müəllim mübadiləsi həyata keçirilir, bəzi ali təhsil müəssisələri ilə isə birgə elmi konfranslar, müxtəlif elmi tədbirlər təşkil edir, birgə tədqiqatlar aparır və birgə layihələrdə iştirak edir.
Məsələn, Türkiyənin Qazi, Anadolu, Selçuk, Fırat, Kastamonu, Qaradəniz Texniki, Çankırı Karatekin, Bingöl, Ege, İstanbul Beykent, Arel, Sakarya universitetləri; ABŞ-nin Sent-Luis Vaşinqton Universiteti, Almaniyanın Koblenz Universiteti, İtaliyanın Sapienza, Tuscia universitetləri, Xorvatiyanın Dubrovnik Universiteti, Rumıniyanın Timisoara Universiteti, Polşanın Krakov Universiteti, Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti, Rumıniyanın Mikolas Romeris Universiteti, Şimali Kiprin Doğu Akdeniz, Pakistanın Grand Asiya universitetləri, Özbəkistanın Mamun, Termiz İqtisadiyyat və Xidmət, Ürgənc , İqtisadiyyat və Pedaqogika universitetləri, Dövlət Pedaqoji İnstitutu, İctimai və Siyasi Fənlər İnstitutu və bu kimi digər universitet və ali təhsil müəssisələri ilə memorandum və müqavilələrimiz var, müxtəlif istiqamətlərdə əməkdaşlıq davam edir.