O, 6 dəfə Azərbaycan, 6 dəfə isə İtaliya adından Erasmus treyninqlərində iştirak edib. Eyni zamanda, Boloniya Universitetinin magistri olmaqla bərabər, Danimarkanın Roskilde Universitetində təqaüdlə oxumaq imkanı qazanıb.
AzEdu.az daim xaricdə təhsil alanların təcrübələrini gənclərlə bölüşür.
Bu dəfə İtaliyanın Boloniya Universitetində magistr pilləsində təhsil alan İsgəndər Cəfərzadə ilə müsahibəni təqdim edirik:
-İsgəndər, öncə səni yaxından tanıyaq: Orta təhsilini harada almısan?
-1996-cı ildə Bakıda anadan olmuşam. Orta təhsilimi 111 nömrəli tam orta məktəbdə almışam. Daha sonra təhsilimi 2013-cü ildə UNEC-in marketinq ixtisası üzrə SABAH qruplarında davam etdirmişəm.
-Niyə məhz İtaliyada magistr təhsili almaq qərarına gəldin? Oranın hansı özəllikləri diqqətini çəkdi?
-Azərbaycanda bakalavr pilləsində təhsil aldığım vaxt elə ilk kursdan xaricdə təhsil almaq arzusunda idim. Artıq III kursdan bu yöndə araşdırmalara və hazırlaşmağa başlamışdım. İtaliya ilə bərabər, Çin, Macarıstan, Rumıniya və Litvaya da müraciət etmişdim, amma son qərarım ora oldu. Bu ölkənin təhsil sistemi, tarixi və mədəniyyəti diqqətimi çox çəkirdi. Ən əsası, təhsil aldığım və Azərbaycanın demək olar, bütün universitetlərində tətbiq olunan Boloniya sisteminin yarandığı Boloniya Universitetinin dünya üzrə TOP 200-də olması isə əsas səbəblərdən biri idi.
- Biznesin idarə edilməsi və Menecment ixtisası üzrə magistr təhsili alırsan. İxtisasın özəlliyi və perspektivləri haqqında nə deyə bilərsən?
-İxtisasım Xidmət Menecmenti üzrə tədris planına malikdir. Professorlar mövzularını əsasən bu sahəyə fokuslanıb, tədris edirlər. Təhsil aldığım müddətdə “Maseratti”, “Ferrari”, “Lamborghini”, “UniCredit”, “Gucci” və s. kimi İtaliyanın böyük şirkətlərində çalışan əməkdaşlar dərsimizin qonağı olub, müəyyən seminarlar təşkil ediblər. Ümumilikdə, ixtisasımdan çox razıyam və bu istiqamətdə təhsil almağı hamıya da tövsiyə edərdim.
-Çoxları düşünür ki, yalnız xaricdə təhsil almaqla Biznesin idarəedilməsi və Menecment ixtisası üzrə mütəxəssis olmaq mümkündür. Bu yanaşmaya münasibətin necədir?
-Bu kimi fikirlərə qatılmazdım. Fikrimcə, bu insanın özündən asılı olan bir şeydir. Yaxşı mütəxəssis olmaq istəyirsənsə, daim öz üzərində çalışmalı, özünü inkişaf etdirməli, hədəf və məqsədlərini buna uyğun müəyyən etməlisən.
-İtaliyaya oxumaq üçün getdiyin ilk zamanlarda hansı çətinliklərlə qarşılaşdın? Mühit, dil, din fərqi necə təsir etdi?
-Öncədən Avropa və Afrikada bir çox sosial layihələrdə iştirak etdiyim üçün elə də böyük çətinliklərim olmamışdı. Sadəcə, ümumi götürsək, italyanların ingilis dili səviyyəsi aşağı olduğu üçün bu mənə dil baryeri yaradırdı.
-Gənclərimiz hər Avropa ölkəsini sanki bir mif, sehrli dünya kimi görürlər. İtaliyaya gedəndən sonra daxilindəki "İtaliya mifini" dağıdan nə kimi səbəblər oldu?
-Belə bir “mif, sehrli dünya” məndə olmadığından, bunu dağıdacaq səbəblər də görmədim. Sadəcə, orada oxumaq istəyənlərə məsləhət görərdim ki, mifləri çox da veclərinə almasınlar. Dünyada problemsiz və ya hər şeyin 100% əla olduğu bir ölkə yoxdur.
-Səncə, fərqli cəmiyyət, sistemə daha tez adaptasiya olmaq üçün nələr etmək lazımdır?
-Sadəcə, həmin cəmiyyətdə bir müddət yaşamaq, yeni dostlar qazanmaq, insanlarla sosiallaşmaq lazımdır.
-Magistratura pilləsi üçün müraciət etdiyin universitetdə hansı sənədlər tələb olunurdu?
-Bu proseduralar universitetdən-universitetə dəyişir. Boloniya Universitetində hazırda təhsil aldığım ixtisas üzrə motivasiya və referens məktubları, bakalavr diplomu və əlavəsi, ingilis dili biliyini təsdiq edən sənəd (IELTS, TOEFL, və s.), müraciət rüsumu tələb olunurdu. Birinci mərhələdə sənədləri yoxlayıb qiymətləndirirlər.
İkinci mərhələyə keçdikdə “Skype” vasitəsilə müsahibə olur. Müsahibədən sonra bir həftə ərzində nəticələr emaila göndərilir.
-İtaliyada tələbələr daha çox hansı ixtisaslar üzrə təhsil almağa üstünlük verirlər?
-Burada tələbələr ən çox turizm, iqtisadiyyat, musiqi, incəsənət və idman üzrə təhsil almağa üstünlük verirlər.
-Orada xarici tələbələrə iş izni verilirmi?
- İtaliyada oxuduğunuz müddətdə həftədə 20 saatdan çox olmayaraq yarımştat işləmək olar.
-İtaliyada əcnəbi tələbələrə hər hansı güzəştlər olunurmu?
-Burada dövlətin yaratdığı bir çox təqaüd proqramları var ki, onlardan hazırda ən çox əcnəbi tələbələr faydalanır.
-Səncə, İtaliya təhsil sistemini digərlərindən fərqləndirən əsas cəhət nədir?
-İtaliya təhsil sistemini digərlərindən fərqləndirən əsas cəhəti kimi davamiyyətin olmamasını deyərdim. Tələbələr vaxtlarını daha rahat tənzimləyir və imtahanlara daha rahat hazırlaşırlar.
-Azərbaycan təhsilindən danışaq. Sizcə, təhsilimizin durumu necədir?
-Çox uzağa getməyək, elə məzun olduğum Təhsil Nazirliyinin böyük bir layihəsi olan SABAH qrupları buna ən yaxşı nümunələrdən biridir. Ümumilikdə isə inkişafa doğru gedir. Universitetlərin Avropa və Amerikanın adlı-sanlı ali məktəbləri ilə əməkdaşlıqlarının getdikcə artırılması çox gözəl addımdır.
-Azərbaycanda bakalavr pilləsində təhsil almısan, İtaliyada daxil olduğun universitetlə bizdəki ali təhsil müəssisələri arasında nə kimi əsas fərqləri müşahidə etdin?
-İtaliyada dərslər daha praktiki metodlarla (case study, araşdırmalar, qrup işləri və s.) keçirilir və hər şey elektron portalda cəmləşir. Burada hətta imtahanlara belə onlayn qeydiyyatdan keçirik.
-Universitetdə keçdiyiniz dərs sistemini təsvir edərdin...
-Dərslər müəllim-tələbə arasında sual-cavab formatında gedir; sanki hər hansı məsələni müzakirə edirik. Nizam-intizam qaydaları xaric, başqa heç bir şey müəllimi maraqlandırmır. Əgər tələbənin daha vacib bir işi varsa və ya başqa bir səbəb üzündən dərsi tərk edə bilər.
-Oradakı yaşam şərtləri necədir: qida, nəqliyyat, eləcə də əcnəbilərə münasibət?
-Ölkənin valyutası avro olduğu üçün xərclər nisbətən bizdən daha yüksəkdir. Amma gəlirlər də buna tam uyğundur. Əcnəbilərə münasibət çox yaxşıdır. Bir tələbənin isə aylıq ortalama 400-450 avro xərci çıxır.
-İtalyan gənclər boş zamanlarını necə dəyərləndirirlər?
-Daha çox kitab oxumaq, müəyyən yerlərdə sosiallaşmaq və səyahət etməyə üstünlük verirlər.
-Orada vətəndaşların aylıq maaşı və tələbə təqaüdləri nə qədərdir?
-Aylıq ortalama maaş 1300-1400 avro civarında dəyişir. Fiziki güc tələb edən işlərin maaşları daha yüksəkdir. Təqaüdlər isə - birillik - təxminən, 5000 avro-dur.
-6 dəfə Azərbaycan, 6 dəfəsə İtaliya adından Erasmus treyninqlərində iştirak etmisən. Bununla bağlı nə kimi fikir, təəssüratlarını deyə bilərsən?
-Azərbaycanda təhsil aldığım müddətdə universitetdən kənar sosial layihələrlə maraqlanırdım. Bir gün “Facebook”da təsadüfən qarşıma Bolqarıstanda keçiriləcək bir həftəlik Erasmus layihəsi çıxdı, müraciət etdim və qəbul etdilər. Hər şey bundan sonra başladı. İştirak etdiyimiz təşkilat adından fəaliyyətimizi o dərəcədə bəyəndilər ki, həmin təşkilat adından daha bir neçə layihələrdə iştirak etdim. Hər layihədə sosial çevrəm daha da genişlənirdi. Avropanın bu və buna oxşar başqa layihələri ilə məşğul olan QHT (Qeyri Hökümət Təşkilatı)sədrləri və əməkdaşları ilə münasibətim daha da artırdı. Daha sonra Misirə getmək imkanına sahib oldum və artıq İtaliyaya gələndə hər şey öz axarında davam edirdi.
-Boloniya Universitetində magistr olmaqla bərabər, eyni zamanda, Danimarkanın Roskilde Universitetində təqaüdlə təhsil imkanı qazanmısan. Bunun üçün nə etmək lazımdır?
-Təhsil aldığınız müddətdə çalışmaq lazımdır ki, ortalama bal göstəricisi kifayət qədər yüksək olsun və mübadilə üçün müraciət etdiyiniz universitetə dolğun şəkildə motivasiyanızı çatdırmalısınız. Bundan əlavə, universitetin xarici əməkdaşlıqlarını izləmək, CV-nizi zənginləşdirmək və digər qəbul proseduralarını yerinə yetirmək lazımdır.
-İtaliyada təhsil aldığın zaman başına gələn maraqlı hadisələrdən danışa bilərsən?
-Xarici görünüşümdən hamı mənim italyan olduğumu düşünür və buna görə də italyanca danışmağa başlayırlar. Əksər insanlar bir az ünsiyyət qurduqdan sonra italyan olmadığımın fərqinə vardıqda çox təəccüblənirlər...(gülür)
-Azərbaycanla müqayisədə orada yaşam tərzində cəmiyyətin fikrində hansı dəyişiklikləri gördün?
-Fərqliliklər o qədər çoxdur ki, saymaqla bitməz. Ən vaciblərini vurğulayacağam: Hər kəs öz həyatını yaşayır, öz işləri ilə məşğul olurlar, insanlar bir-birilərini mühakimə etmirlər və hörmətlə yanaşırlar. Sosial qınaq isə demək olar ki, yoxdur.
-İtaliya səndə nələri dəyişdi? Bu ölkənin fərqliliyi və qəribəlikləri haqqında nə deyə bilərsən?
-İtaliyada sözün əsl mənasında “survive” etməyi öyrəndim. Bura gəlməmişdən öncə elə düşünürdüm ki, öncədən xaricdə olmuşamsa hər şeyin öhdəsindən asanlıqla gələ bilərəm. Mədəniyyətimizdə ailədən kənar yaşamaq yaxşı qarşılanmadığı üçün ilkin zamanlarda bu bir az mənə çətin gəlirdi. Hər şeyi özün sərbəst düşünməli və qərar verməli idin. Amma zamanla buna da öyrəşdim. Bütün gənclərimizə bu təcrübəni tövsiyə edərdim.
-"Təhsil aldığın müddətdə hansı fərqliliklər ölkəmizdə də tətbiq olunsa, təhsilimiz inkişaf edər " deyə düşünmüsəm?
-Bu barədə çox düşünmüşəm...Hazırda təhsilimiz daha çox şəffaflaşmağa doğru gedir. Təhsil Nazirliyi bu sahədə innovativ ideyaları olan gənclərə dəstək olur.
-İtalyan və azərbaycanlı xarakterlərinin oxşarlığını hər zaman səsləndirirlər. Bu necə olur, xarakter eyni, amma həyata baxış fərqli...?
-Bəli! Sadəcə, xarakterlərimiz müəyyən qədər bənzərdir. Onlar da bizim kimi səs-küylü, isti, qonaqpərvər və ailə dəyərlərinə sadiq olan bir xalqdır. Zənnimcə, xarakterlərin eyni olmağı həyata baxış bucağını dəyişdirmir.
-Azərbaycanlı gənclərə İtaliyanı hansı şəhərlərinə gəlməməyi, hansı universitetlərinə müraciət etməməyi tövsiyə edərdin?
-Ümumiyyətlə, bu ölkənin “pis” universiteti deyə bir anlayış yoxdur. Hər universitetin özünəməxsus inkişaf etmiş cəhətləri var. Sadəcə, müraciət etdikləri zaman ixtisaslarının hansı universitetdə daha yaxşı inkişaf etdiklərinə və tədris olunduğuna diqqət yetirsinlər. Bir də, çalışsınlar ki, bir yox bir neçə universitetə müraciət etsinlər və sonradan müqayisə aparmaq da mümkün olsun.
-Sonda əlavə etmək istədikləriniz...
-Hamıya uğurlar...