Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət “EcoCharge” komandası mühüm beynəlxalq uğura imza atıb.
Universitetdən AzEdu.az-a bildirilib ki, komanda üzvləri Səyyarə Məmmədzadə, Aydan Əliyeva və Fəxrənisə Sultanova, mentor Vüsal Babarabovun rəhbərliyi ilə hazırladıqları “CO₂-nin tutulması və enerji hasilatı üçün bioaktiv piezoelektrik nanotəbəqə” adlı startap layihə ilə “ITECX’25 – Fibonacci beynəlxalq mühəndislik, texnologiya və riyaziyyat konqresi”ndə təltif olunublar.
Layihə karbon qazının effektiv tutulması və alternativ enerji hasilatı üçün bioaktiv piezoelektrik nanomaterialların istifadəsinə əsaslanır. Komanda konqresdə əvvəlcə layihə posteri ətrafında iştirakçılarla fikir mübadiləsi apararaq maraqlananlara qısa izahlar verib, ardınca isə münsiflər heyəti qarşısında əhatəli təqdimatla çıxış edərək layihənin innovativ məqamlarını açıqlayıb.
Qeyd edək ki, ITECX’25 konqresi mühəndislik, texnologiya və riyaziyyat sahələrində gənc tədqiqatçıların elmi düşüncə və analiz bacarıqlarını inkişaf etdirməyi hədəfləyən beynəlxalq akademik platformadır. Konqres tələbələrə elmi-tədqiqat aparmaq, yeni ideyalar üzərində işləmək və qlobal elmi ictimaiyyətlə əlaqə qurmaq imkanı yaradır. Burada təqdim olunan layihələr elmi keyfiyyətinə və innovativ yanaşmasına görə qiymətləndirilir, seçilən layihələr isə beynəlxalq mərhələlərdə iştirak və nüfuzlu elmi jurnallarda nəşr şansı qazanır. Bu il keçirilən konqresdə startap layihələri də daxil olmaqla mühəndislik yenilikləri, tətbiqi riyaziyyat, fənn və sosial elmlər, təhsil texnologiyaları və digər sahələri əhatə edən çoxsaylı işlər təqdim olunub.