Azedu.az

Qarabağ Universitetinin Klinikasında ilk dərs günündən TƏƏSSÜRATLAR

Universitetlər

23 Sentyabr 2025, 14:38
Qarabağ Universitetinin Klinikasında ilk dərs günündən TƏƏSSÜRATLAR

Ötən gün Qarabağ Universiteti və Qarabağ Universitetinin Klinikasında ilk dərs günü başlayıb. Bu hadisə bölgənin təhsil və səhiyyə sahəsində yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

AzEdu.az bu münasibətlə Klinikanın ilk tələbələri ilə əlaqə saxlayaraq onların təəssüratlarını öyrənib.

Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin tibb ixtisası üzrə təhsil alan tələbə Ayla Səfərova ilk tədris gününün maraqlı keçdiyini bildirib. O, 684 balla tibb ixtisasına daxil olub.

168430

"İlk olaraq Qarabağ Universitetinin akt zalında rektor Şahin Bayramov və universitet əməkdaşları tələbələrlə görüş keçirdilər. Bizə müəyyən tövsiyələr verdilər, ilk dərs günü münasibətilə təbrik etdilər. Daha sonra isə dərslərimiz başladı.

Klinikanın mühiti çox gözəldir, burada müasir avadanlıqlar quraşdırılıb və imkanlar tələbələr üçün əlçatandır. Qarabağ Universitetini seçməyim mənim üçün qürurvericidir. Burada fərqli metodlarla dərs keçiriləcək və tələbə yönümlü yanaşma ilə geniş imkanlar yaradılacaq. Tibb çox məsuliyyətli bir sahədir, amma uşaqlıqdan bəri bu sahədə oxumaq arzum bu məsuliyyəti üzərimə götürməyimə kömək edir.

Klinikada ilk kurslardan etibarən simulyasiya mərkəzində maketlər üzərində praktika aparmaq, müasir avadanlıqlarla işləmək ən böyük gözləntilərimdəndir. Buradakı təhsilin həm biliklərimə, həm də həyatımın formalaşmasına dərin təsir göstərəcəyinə inanıram. Məni ən çox motivasiya edən isə gələcəkdə özümü bir həkim kimi təsəvvür etməyimdir.

Rezidentura təhsilini xaricdə davam etdirməyi planlaşdırıram. Bununla yanaşı, Qarabağ Universitetinin Klinikasının da gələcək planlarımda mühüm yer tutacağına əminəm. Buradakı tədris müəllimlərimizin dəstəyi sayəsində bizim üçün çox rahatdır. Təbii ki, biz də onların göstərdiyi diqqəti həm müəllimlərimizə, həm də dərslərimizə qarşı cavablandırmağa çalışacağıq".

Tibb fakültəsinin tibb ixtisasına qəbul olan daha bir tələbə Aydın Əsgərovun sözlərinə görə, klinika tam müasir tibbi avadanlıqlarla təchiz olunub:

168429

“Bakı şəhəri Binəqədi rayonu 217 nömrəli tam orta məktəbin məzunuyam. 618,9 balla Qarabağ Universitetinin Tibb fakültəsinin Tibb ixtisasına qəbul olmuşam. İlk tədris günüm çox maraqlı keçdi. Universitetdə həm tələbə yoldaşlarımla, həm də müəllimlərimlə ünsiyyət quraraq onları daha yaxından tanıdım.

Klinika tam müasir tibbi avadanlıqlarla təchiz olunub, dərs oxumaq üçün xüsusi otaqlar və təcrübə laboratoriyaları mövcuddur. Mən əvvəldən Qarabağ Universitetində təhsil almaq istəyirdim. İl ərzində Tibb və Sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayevin Qarabağda tibbi təhsilin təşkili və dərslərin keçirilməsi ilə bağlı verdiyi məlumatdan sonra burada oxumaq istəyim daha da artdı və seçimimi Qarabağ Universitetindən yana etdim.

Tibb sahəsi kifayət qədər çətin və məsuliyyətli bir sahədir. Buna görə də bir qədər həyəcan hiss edirəm. Fikrimcə, gələcəkdə bu sahədə uğurlu olmaq üçün indidən sağlam həyat tərzi keçirmək və məsuliyyətlə çalışmaq vacibdir. Ən çox Anatomiya və Fiziologiya fənlərinin tədrisini səbirsizliklə gözləyirəm. Gələcəkdə isə Urologiya sahəsində ixtisaslaşaraq özümü inkişaf etdirmək istəyirəm".

Tibb və Sağlımlıq Elmlər fakültəsinin tibb bacısı ixtisasının tələbəsi Mehriban Dünyamalıyeva bildirib ki, tibb sahəsi üzrə təhsil almaq məndə daha çox həyəcan hissi doğurur:

168428

“578 balla Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri fakültəsinin Tibb bacısı ixtisasına qəbul olmuşam. İlk dərs günümüz çox yaxşı keçdi. Müəllimlərimiz səmimi idi və ilk gün hər biri ingilis dili üzrə dərs keçdi. Düşünürəm ki, tədris keyfiyyətlidir. Klinika mühiti də çox gözəldir və demək olar ki, hər şey yeni avadanlıqlarla təchiz olunub. Burada təhsil almağı seçməyimin əsas səbəbi yüksək standartlar və savadlı müəllim heyətidir. Təhsil səviyyəsinin olduqca yüksək olduğunu görürəm.

Tibb sahəsində təhsil almaq məndə həm həyəcan, həm də qürur hissi yaradır. Çünki gələcəkdə tibb bacısı olmaq böyük məsuliyyətlə yanaşı, qürurvericidir. Əsas istəyim və məqsədim yaxşı təhsil alaraq biliklərimi artırmaqdır. Məni ən çox motivasiya edən amil Qarabağ Universitetində təhsilin yüksək keyfiyyətdə olmasıdır. Əminəm ki, burada yaxşı biliklər qazanacaq və gələcəyin peşəkar mütəxəssisi ola biləcəyəm.

Təhsilimi başa vurduqdan sonra xaricdə bilik və təcrübəmi daha da inkişaf etdirmək, sonra isə vətənimə dönərək öz sahəmdə fəaliyyət göstərmək istəyirəm".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox