Azedu.az

UNEC-də kök salan şəhidlər: Onların xatirəsi Xan çinarla əbədiləşdirildi

Universitetlər

22 Sentyabr 2025, 16:55
UNEC-də kök salan şəhidlər: Onların xatirəsi Xan çinarla əbədiləşdirildi

UNEC hər zaman vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir.

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.

Bu ənənə çərçivəsində 27 Sentyabr - Anım Günü münasibətilə UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində xüsusi tədbir keçirilib.

Tədbirdə UNEC-in müəllim-tələbə heyəti ilə yanaşı, universitetin Vətən müharibəsində şəhid olmuş məzunları - Məzdək Eyvazlı və Əbil Cəbizadənin valideynləri də iştirak ediblər. Tədbirin açılışında Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və onların həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov çıxış edərək UNEC kollektivinin şəhidlərimizin xatirəsini hər zaman yüksək tutduğunu, onların valideynlərinin isə UNEC ailəsinin  ən əziz və dəyərli üzvləri olduqlarını diqqətə çatdırıb. O, şəhidlərin qısa və mənalı həyat yolunun gənclər üçün əsl vətənpərvərlik məktəbi, qəhrəmanlıq nümunəsi olduğunu deyib.

Tədbirdə şəhidlərin vətənpərvərliyindən, vətəninə, xalqına olan sevgisindən söz açılıb. Bildirilib ki, Məzdək Eyvazlı və Əbil Cəbizadənin doğum günlərinin 26 fevral - Xocalı faciəsi gününə təsadüf etdiyi üçün onlar heç vaxt doğum günlərini qeyd etməyiblər, həmin günün acısını qəlblərində yaşadıblar. Vətən müharibəsi başlananda hər iki gəncin könüllü olaraq, vətənin müdafiəsinə yollandıqları və hərb meydanında cəsarətlə döyüşdükləri diqqətə çatdırılıb. Məzdək Eyvazlının Füzulinin azad olunması uğrunda, Əbil Cəbizadənin isə Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşərək şəhidlik zirvəsinə ucaldıqları, ölümlərindən sonra medallarla təltif olunduqları qeyd edilib.

Tədbirin ən duyğulu və simvolik anı isə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların təhsil aldıqları tədris binasının həyətində Xan çinarlarının əkilməsi olub. Şəhidlərin valideynlərinin iştirak etdiyi ağacəkmədə duyğusal anlar yaşanıb.

Əkilən çinar ağacları UNEC-in şəhid məzunlarına olan ehtiramın, şəhidlərin ölməz ruhlarının UNEC-də kök saldığının, onların ruhunun bu elm ocağında əbədi yaşayacağının simvolu kimi dəyərləndirilib. Bildirilib ki, həmin ağaclar hər budağı ilə şəhidlərin yazdığı igidlik tarixinin, dərin kökləri ilə vətənə bağlılıqlarının canlı nişanəsinə çevriləcək.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox