2025-ci təqvim ilinin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 6 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi aparılıb.
AzEdu.az-ın xəbərinə görə, bu barədə media üçün təşkil edilmiş brifinqdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.
Sədr bildirib ki, 2025-ci ilin birinci yarısında “Məktəbəqədər təhsil” ixtisası üzrə 7 ali təhsil müəssisəsində proqram akkreditasiya qiymətləndirilməsi aparılıb. Bu müəssisələr arasında Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti yer alıb.
2025-ci təqvim ilinin ikinci yarısında isə 6 ali və peşə təhsili müəssisələrində - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti (təkrar akkreditasiya), həmçinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində institusional akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılır",- deyə T.Əhmədov qeyd edib.