Azedu.az

Özəl ali məktəblər Bakıda toplaşıb - regionlarda açılması mümkündürmü?

Universitetlər

9 Sentyabr 2025, 10:19
Özəl ali məktəblər Bakıda toplaşıb - regionlarda açılması mümkündürmü?

Azərbaycanda ali təhsilin inkişafı istiqamətində son illər ərzində bir sıra mühüm islahatlar həyata keçirilir. Belə ki, Bakı şəhərində çoxsaylı özəl ali təhsil müəssisələrinin fəaliyyət göstərməsinə baxmayaraq, regionlarda bu cür ali təhsil müəssisələrinin olmaması diqqət çəkən və düşündürücü haldır.

Rayonlarda yaşayan gənclər üçün bu, həm maddi, həm də sosial baxımdan əhəmiyyətli çətinliklər yaradır. Paytaxta köçmək, kirayədə yaşamaq və orada təhsil almaq hər bir ailənin imkanları daxilində deyil.

Bölgələrimizdə özəl ali təhsil müəssisələrinin açılmasına ehtiyac varmı?

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov bildirib ki, Bakı şəhərində kifayət qədər özəl ali təhsil müəssisələri fəaliyyət göstərir:

"İxtisaslar da müxtəlifdir. Əslində, əgər çoxlu ali məktəb varsa, bu, rəqabət tələb edir. Rəqabət nəticəsində hansısa ali məktəbin uğurları daha çoxdursa, təbii ki, tələbə axını da ora yönəlir. Niyə rayonlarda özəl ali məktəblər yoxdur? Bunun bir neçə səbəbi var. Birincisi, bu gün Azərbaycanda istəsək də, istəməsək də, hər şey Bakıda cəmlənib. Ona görə də regionlarda özəl ali məktəblərin yaradılması çətindir.

Nəyə görə çətindir? Birincisi, özəl ali məktəb ödənişlidir və rayonlarda yaşayan gənclər çalışırlar ki, ən yüksək balı toplasınlar və ən nüfuzlu dövlət ali məktəblərinə qəbul olsunlar. Özəl ali məktəbə maraq göstərən tələbələrin sayı azdır, faizlə hesablasaq, bəlkə də 2%-dən artıq deyil.

Kimlər oxuyur özəl ali məktəblərdə? Dövlət ali məktəblərində tələb olunan balı toplaya bilməyənlər, bəzən məcburiyyət qarşısında qalıb orada oxumağa qərar verirlər. Ona görə də rayonlarda özəl ali məktəblərin açılmasına bu gün ehtiyac yoxdur.

Eyni zamanda, müharibədən yeni çıxan Azərbaycan yenidən qurulur. Xatırlayırsınız, antiterror əməliyyatından sonra Xankəndi azad olundu və Qarabağ Universiteti açıldı. Təbii ki, buna ehtiyac var idi. Bu addımın bir neçə səbəbi var idi: Gəncləri bölgəyə yönəltmək, Azərbaycan həqiqətlərini dünyaya yaymaq, əhalinin oraya qayıdışını dəstəkləmək və s.

Amma digər bölgələrdə vəziyyət fərqlidir. Əhalinin sıxlığı, infrastruktur (yol, iş yeri) və təhsil şəbəkəsinin vəziyyəti nəzərə alınmalıdır. Hələ ki, orta məktəblərin bərpası və tikintisi ilə bağlı müəyyən qayğılar var. Bununla bağlı işlər gedir. Bu fonda özəl ali məktəb açılmasına ehtiyac yoxdur.

Kənd təsərrüfatı sahəsində isə bizim Gəncə Aqrar Universitetimiz kifayət edir. Azərbaycan bu sahədə yenidən inkişaf mərhələsinə qədəm qoyub. Hələ ki, infrastrukturu tam formalaşmamış bölgələrdə yeni ali məktəb açmaq real deyil. Nəticə olaraq, bir təhsil işçisi kimi düşünürəm ki, bu gün bölgələrdə özəl ali təhsil müəssisələrinin yaradılmasına ehtiyac yoxdur. Gələcəkdə ola bilər, amma bu gün üçün hələ tezdir”.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova isə Türkiyə ilə müqayisə apararaq fərqli mənzərəni diqqətə çatdırıb:

167409

"Türkiyədə dövlət universitetləri tamamilə ödənişsizdir və buna baxmayaraq, özəl universitetlərə ciddi tələbat var. Səbəb isə onların təhsildəki keyfiyyəti, yenilikləri və müasir mütəxəssislərlə işləmələridir. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizdə tələbələrin ixtisas seçiminə baxdıqda görünür ki, birinci seçim ödənişsiz dövlət universitetləridir. Əgər ora düşmürsə, ikinci mərhələdə dövlət universitetlərinin ödənişli yerlərini yazırlar. Özəl universitetlər isə ən son sırada dayanır.

Bəzən bu seçim “qonşudan geri qalma” prinsipi ilə edilir, yəni sadəcə universitet diplomu almaq üçün. Özəl universitetlərdə təhsil haqqı minimum 2300-2500 manatdır. Dörd illik təhsil üçün bu, 10.000 manatdan çox edir. Sual yaranır: bu məbləğin qarşılığında tələbə mütəxəssis kimi formalaşırmı? Təhsil iqtisadiyyat baxımından bir kapital qoyuluşudur və bu sərmayənin geri dönüşü olmalıdır.

Təəssüf ki, Azərbaycan özəl universitetləri beynəlxalq reytinqlərdə yer almır. Bu da ya universitetlərin özündən, ya da tələbəyə yönəlik münasibətdən qaynaqlanır. Çünki tələbə bəzən onsuz da başqa yolu qalmadığı üçün həmin təhsil müəssisəsini seçir. Belə olduqda universitet də keyfiyyətə çox önəm vermir.

Bakı şəhərində əhali sıxlığı, urbanizasiya və təhsil məqsədilə köç problemləri müşahidə olunur. Dövlət universitetlərinin regionlara köçürülməsi bu baxımdan müsbət addım ola bilər. Amma özəl təhsil müəssisələrinin regionlarda açılması iqtisadi baxımdan əsaslandırıla bilmir.

Vaxtilə Mingəçevirdə fəaliyyət göstərən San Marino Universiteti nümunəsi bunu sübut edir. Orada təhsil alanlar daha sonra diplomlarının tanınmaması səbəbilə yenidən oxumaq məcburiyyətində qaldılar. Bu göstərir ki, təhsil sadəcə diplom deyil, bilik və bacarıq formalaşdırmalıdır.

Nəticə olaraq, dövlət və özəl ali təhsil müəssisələri təhsildə keyfiyyətə fokuslanmalı, beynəlxalq təcrübədən yararlanaraq yenilikçi yanaşmalar ortaya qoymalıdırlar. Sadəcə forma üçün fəaliyyət göstərən universitetlər cəmiyyətə fayda vermir”.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox