2024/2025-ci tədris ilinin əvvəlində Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin sayı 51 olub. Bu müəssisələrdə ümumilikdə 246 529 tələbə təhsil alır ki, bu da əvvəlki illərlə müqayisədə artım dinamikasının davam etdiyini göstərir.
Tələbələrin 222 578-i əyani, 23 951-i isə qiyabi formada təhsil alır. Bu il ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı da artıb. Belə ki, bakalavriat səviyyəsində 57 391 nəfər tələbə qəbul olunub. Onlardan 53 000 nəfəri əyani, 4 391 nəfəri isə qiyabi təhsil formasını seçib.Magistratura səviyyəsinə qəbul edilənlərin sayı isə 13 909 nəfər olub.
Özəl ali təhsil müəssisələrində neçə tələbə təhsil alır?
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, 2024/2025-ci tədris ilində Azərbaycanda fəaliyyət göstərən qeyri-dövlət (özəl) ali təhsil müəssisələrinin sayı 10 olub.
Bu müəssisələrdə ümumilikdə 30 404 tələbə təhsil alır. Tələbələrin 27 362 nəfəri əyani, 3 042 nəfəri isə qiyabi formada təhsil alır.
Özəl ali məktəblərə qəbul edilən tələbələrin sayı da artaraq bakalavriat pilləsində 7 964 nəfərə çatıb. Onların 6 738 nəfəri əyani, 1 226 nəfəri isə qiyabi formada təhsil alacaq.
Magistratura səviyyəsində isə 1 360 nəfər qəbul olunub. Onlardan 1 306 nəfəri əyani, 54 nəfəri isə qiyabi formada təhsil almağa üstünlük verib.
Son illərdə özəl ali təhsil müəssisələrinə marağın artması və tələbə sayının yüksəlməsi bu sahənin inkişaf perspektivlərini göstərir.