2024/2025-ci tədris ilinin əvvəlində dövlət ali təhsil müəssisələrində ixtisas qrupları üzrə təhsil alan tələbələrin statistikası açıqlanıb. Belə ki, ən çox tələbə texniki və texnoloji ixtisaslar üzrə təhsil alır.
AzEdu.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, 2024/2025-ci tədris ilinin əvvəlində dövlət ali məktəblərində ümumilikdə 216 125 nəfər tələbə təhsil alır. Bu tələbələr müxtəlif ixtisas qrupları üzrə bölünüb və artım tendensiyası bir çox sahələrdə özünü göstərir.
Ən çox tələbə aşağıdakı ixtisas qruplarında cəmləşib:
Texniki və texnoloji ixtisaslar qrupu – 52 744 nəfər;
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu – 42 591 nəfər;
Təhsil ixtisasları qrupu – 43 927 nəfər.
Bu üç sahə tələbə sayına görə liderlik edir. Xüsusilə texniki və texnoloji sahəyə olan maraq illərdir davam edən artım tendensiyası ilə müşahidə olunur. 2005/2006-cı ildə bu sahədə cəmi 12 166 nəfər təhsil alırdısa, 2024/2025-ci ildə bu rəqəm 52 744 nəfərə yüksəlib.
Digər diqqətçəkən sahələr:
Səhiyyə, rifah və xidmət ixtisasları qrupu – 15 885 nəfər;
Mədəniyyət və incəsənət ixtisasları qrupu – 7 273 nəfər;
Humanitar və sosial ixtisaslar qrupu – 25 940 nəfər;
Təbiət elmləri ixtisaslar qrupu – 10 895 nəfər.
Əlavə olaraq, rezidenturada (həkim-mütəxəssis hazırlığı) 1 874 nəfər, xüsusi təyinatlı ixtisaslarda isə 2 933 nəfər tələbə təhsil alır.
Son 20 ilə nəzər saldıqda, ümumi tələbə sayı 2005/2006-cı ildə 105 997 nəfər olduğu halda, bu gün bu rəqəm 216 125 nəfərə çatıb. Bu da ali təhsilə marağın iki dəfəyə yaxın artdığını göstərir.