Azərbaycan universitetlərinin beynəlxalqlaşması təkcə tələbələrlə məhdudlaşmır. Xarici ölkələrdən dəvət olunan müəllimlər təhsil prosesində mühüm rol oynayır.
Bəs ali məktəblərimizdə hazırda neçə əcnəbi müəllim dərs deyir?
AzEdu.az bununla bağlı universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Universitetdən bildirilib ki, beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Əsas strateji hədəflərdən biri sürətli beynəlləşmə və dünya standartlarına uyğun, yüksək səviyyəli beynəlxalq universitetə çevrilməkdir.
Bu məqsədlə həm xarici müəllimlərin tədris prosesinə cəlb olunması, həm də əcnəbi tələbələrin universitetdə təhsil istiqamətində müxtəlif layihələr həyata keçirilir. Hazırda universitetdə Avropa və ABŞ-dən olan dörd əcnəbi müəllim fəaliyyət göstərir.
Universitetin mətbuat xidməti yeni tədris ilində əcnəbi müəllimlərin və qonaq professorların sayının artırılmasının nəzərdə tutulduğun qeyd edib. Onların tələbələr üçün müxtəlif fənlər üzrə mühazirələr oxuması planlaşdırılır.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Verilən məlumata görə, ADNSU-da 300-ə yaxın əcnəbi tələbə təhsil alır. Bundan əlavə, universitetin beynəlxalq əlaqələri kifayət qədər genişdir. Onlarla ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlıq mövcuddur, tələbə və müəllim mübadiləsi həyata keçirilir. Bu, həm beynəlxalq əlaqələrin inkişafına, həm də uğurlu təcrübə imkanlarının yaranmasına mühüm töhfə verir.
Hazırda rəsmi olaraq, mübadilə proqramlarından başqa, universitetdə davamlı şəkildə dərs deyən 6 əcnəbi müəllim də fəaliyyət göstərir. Onlar müxtəlif fənlər üzrə dərs keçərək tələbələrin biliklərini zənginləşdirirlər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Bildirilib ki, hazırda univeristetdə daimi çalışan əcnəbi müəllim yoxdur. Lakin hər il müxtəlif ölkələrdən gələn 5-6 əcnəbi müəllim müəyyən müddət üçün ADMİU-da ustad dərsi keçir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Hazırda ADPU-da ikili diplom proqramı və müxtəlif ixtisaslarda tədrislə məşğul olan ümumilikdə 9 nəfər əcnəbi müəllim fəaliyyət göstərir.
Azərbaycan Tibb Universiteti
Məlumata görə, burada əcnəbi müəllim fəaliyyət göstərmir.