Bakı Biznes Universiteti 2025/2026-cı tədris ili üzrə bakalavr pilləsinə tələbə qəbulunu elan edib.
AzEdu.az xəbər verir ki, universitet bir neçə ixtisas qrupu üzrə müxtəlif sahələri əhatə edən bakalavr proqramları təklif edir.
I ixtisas qrupu üzrə “İnformasiya texnologiyaları” və “İnformasiya təhlükəsizliyi” sahələrində təhsil almaq mümkündür.
II ixtisas qrupu üzrə abituriyentlər “Mühasibat”, “Maliyyə”, “İqtisadiyyat”, “Menecment”, “Marketinq”, “Biznesin idarə edilməsi” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarına müraciət edə bilərlər. Bu sahələr üzrə təhsil həm əyani, həm də qiyabi əsaslarla təşkil olunur.
III ixtisas qrupu üzrə isə “Tərcümə (ingilis dili üzrə)” və “Sosial iş” ixtisasları üzrə qəbul aparılır.
Tələbələr üçün müxtəlif təqaüd proqramları nəzərdə tutulub. Ödənişli əsaslarla təhsil alan tələbələr yüksək göstəricilərinə görə 200 manat məbləğində əlaçı, 160 manat həvəsləndirici və 110 manat adi təqaüd əldə edə bilərlər.
Bundan əlavə, sosial həssas qruplara aid olan tələbələr – valideynlərini itirmiş və ya himayəsiz şəxslər, Qarabağ müharibəsi iştirakçıları və onların övladları, I və II qrup əlilliyi olan şəxslər və şəhid övladları üçün təhsil haqqına güzəştlər və ya tam azadolma tətbiq olunur.