Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca beşinci “Məzun Günü” keçirilib.
AzEdu.az xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev və mərkəzin təlim, eləcə də proqramlarında uğur qazanan tələbələri tədbirdə iştirak ediblər.
Tədbirin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, həmçinin tərəfdaş qurumların, “Technion”un nümayəndələri çıxış ediblər.
Tədbirin davamında məzunlardan ibarət komandaların qazandıqları biliklər əsasında hazırladıqları yekun layihələr təqdim olunub.
Ardınca yüksək nəticə əldə etmiş 2 məzun mükafatlandırılıb, eyni zamanda Mərkəzdən məzun olan 100 nəfərə sertifikat təqdim edilib. BMU-nun “İnformasiya texnologiyaları” ixtisasının 3 tələbəsi - Arif Məmmədov, Altun Tarverdiyev və Elgün Quluzadə məzunlar sırasında yer alıb.
Ən son proqramda məzun olan tələbələrdən Hücum (Red Team) istiqaməti üzrə BMU-nun “İnformasiya texnologiyaları” ixtisasının 4-cü kurs tələbəsi Arif Məmmədov I yerə layiq görülüb.
Təlim proqramının sonunda Capstone tapşırığı üzrə GAİA layihəsi I yeri qazanıb, həmin layihədə də BMU-nun eyni ixtisasının 4-cü kurs tələbəsi Altun Tarverdiyev aparıcı rol alıb.
Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team), hücum (Red Team) və “Purple team” qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər haqqında praktiki biliklərə yiyələniblər.
Bugünə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 380 professional kibertəhlükəsizlik mütəxəssisi yetişdirilib.